Sentyabr ayının 27-i millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix ötən əsrin 90-cı illərində yazılan məğlubiyyətlər deyil, qalibiyyətlər, zəfərlər tariximizdir.
Bunu tan.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, belə bir məsuliyyətli mərhələdə ölkəmzdə mövcud olan 52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi:
“Bu addım xalq-iqtidar biriliynə siyasi sistemimizin daxili aktorlarının verdiyi dəstək oldu və ictimai rəydə olduqca müsbət qarşılandı. Azərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı ilə, onun Ali Baş Komandanı ilə həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya, Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular. Bu əslində AXCP və Müsavat partiyalarının siyasi intiharı idi. Çünki belə həssas və məsuliyyətli, milli maraqlarımız baxımından bütün vacib əhəmiyyətli məsələlərdən daha vacib olan bir məsələdə xalqın yanında olmamaq, onun milli davasına dəstək verməmək bu siyasi partiyalar üçün intihardan başqa bir şey deyil.
Əslində burada partiya iradəsi yaxud ifadəsi bəlkə də o qədər doğru deyil. Ona görə ki, bu iki partiyada partiya adından qərar qəbul edən əzəlindən bəri Azərbaycan siyasi sisteminə kin-küdurət, siyasi intriqa, barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir. Ötən illərin təcrübəsi də onu göstərir ki, bu məntiq doğrudur. Çünki vaxtilə bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər. Etiraf etmək lazımdır ki, onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamentdə təmsil olunacaq qədər tərəfdar və səs də toplaya bildilər. Bu isə əslində siyasi münasibətlərimizə əlavə rəng palitrası gətirməklə siyasi sistemimizi daha da zənginləşdirib.
Ancaq əlbəttə ki, özündə iradə taparaq ən çətin tarixi anlarda belə xalqla, xalqın legitim siyasi iradəsi ilə bərabər olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar. Şübhəsiz ki, bu təəssüf yox, təqdir olunmalı hadisədir. Çünki onların yerinə siyasi sitemimizə daha konstruktiv və yeni ideyalar təqdim edə biləcək yeni gənc nəsil siaysətçilər gələcək”.