Home Manşet Siyasətin nəzəriyyəsinə və empirizminə hakim olan MDBMİ Müəllimi və imtahandan hər zaman...

Siyasətin nəzəriyyəsinə və empirizminə hakim olan MDBMİ Müəllimi və imtahandan hər zaman kəsilən Tələbə: Əliyev-Paşinyan fərqi, ya da uçurumu

363
0
SHARE

    Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev proqramın aparıcılarının suallarına sistemli, ardıcıl, faktlara əsaslanan cavablar verdi. Cənab Prezidentimiz ölkəmiz üçün önəmli, eyni zamanda taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-1” telekanalı vasitəsilə müsahibə verərək həqiqətləri bir daha böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini, rusdilli auditoriyanı Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında dolğun, eyni zamanda dəqiqliklə məlumatlandırdı.

     Hər şeydən öncə o faktı vurğulamaq lazımdır ki, aparıcıların iki dövlətin-Ermənistan və Azərbaycanın dövlət başçılarına olan münasibəti kəskin fərqlənirdi. Belə ki, aparıcı suallara başlamazadan öncə Azərbaycan Prezidentinə müsahibəni verməyə razılaşdığına görə xüsusi təşəkkür edərək başlayıb, sonda üzünü ölkə başçımıza tutaraq ona  “Sizə cansağlığı arzulayırıq” deyə müsahibəni olduqca müsbət sonluqla yekunlaşdırması açıq və aydın şəkildə ölkə başçımıza olan xüsusi rəğbətin və hörmətin bariz nümunəsi, sözlərinə və fikirlərinə verilən önəmin növbəti təzahürü idi.

Ölkə başçımızdan fərqli olaraq beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də öz ənənəsinə sadiq qaldı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi və tək bir sözlə ifadə etsək aparıcılar tərəfindən də “yola verildi”. Bütövlükdə isə iki ölkə başçısı arasında olan müqayisəyə belə gəlməyəcək fərq sadəcə bu proqramda üzə çıxmadı. Bütün dünya birliyi tərəfindən də böyük əks-səda doğuran Münxen Təhlükəsizlik konfransında da debat zamanı Paşinyana tarix və hüquq dərsi keçən ölkə başçımız onun biləyini bükmüş, kürəyini isə asanlıqla yerə vurmuşdu. Bundan öncə Aşqabatdakı dəyirmi masada, BBC-nin “Hard Talk” proqramında da Paşinyanın siyasətdən və diplomatiyadan nə qədər uzaq olduğu aydın olmuş, dəfələrlə dünya ictimaiyyətinin gözü önündə rəzil və rüsvay duruma düşmüşdü.

Sual-cavab hissəsindən sonra müzakirələrdə iştirak edən siyasi və hərbi ekspertlər də bu iki dövlət başçısı arasında olan uçurumu olduqca tutarlı arqumentlərlə əsaslandırdılar. Belə ki “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədiyini və İlham Əliyevin çıxışını şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış kimi dəyərləndirdi və xüsusilə cənab Prezidentin təhsilinə diqqət çəkdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun böyük kadrlar yetişdirdiyini qeyd edərkən cənab Prezidentin savadına, intellektinə diqqəti yönəldərək bu İnstitutun, doğrudan da, böyük kadrlar yetişdirdiyini bildirdi. Buradan da əyani surətdə aydın olur ki, ölkə başçımız siyasətin sadəcə empirik hissəsinə deyil, nəzəriyyəsinə də bütün incəliklərinə qədər hakimdir. Çünki ölkə başçımız bu nəhəng siyasət institunun yetişdirməsi olmaqla kifayətlənməyib, eyni zamanda buranı bitirib elmi dərəcəyə yiyələndikdən sonra da nəhəng elm ocağında müəllim kimi çalışaraq savadlı tələbə ordusu yetişdirib.

“Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.” deyə Korotçenkonun əlavəsi bir neçə aspektdən önəmlidir. Əvvəla, deməli, beynəlxalq birlik yaxşı fərqindədir ki, beynəlxalq hüquq nöqteyi-nəzərdən döyüş əməliyyatları Azərbaycan ərazisində gedir. Daha dəqiq ifadə etsək Azərbaycan silahlı qüvvələri öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri görür. Bundan əlavə, Korotçenkonun döyüş əməliyyatlarının Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparıldığını vurğulaması Paşinyanın döyüşlərdə Türkiyəni tərəf kimi göstərmək cəhdinin iflasa uğradığından xəbər verir. Çünki Türkiyə münaqişə tərəfi deyil, bu məsələdə sadəcə sabitləşdirici baxımından iştirak edir və başqa heç bir rolu yoxdur. Həmçinin, Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət də yoxdur. Çünki  cənab Prezidentin də haqlı olaraq vurğuladığı kimi Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

İndi isə sual-cavab zamanı deyilənlərin mahiyyətinə gəlsək Prezident Əliyev ədalətli olaraq Paşinyanın əsassız arqumentlərini çürütdü və haqlı olaraq vurğuladı ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün olmazdı. Deməli, bu Paşinyanın hayasızcasına olan, yalnız özünün inandığı növbəti yalanıdır. Nəyə görə yalnız özünün inandığı? Çünki Paşinyana artıq öz xalqı da inanmır. Guya xalqın iradəsi ilə hakimiyyətə gələn bu insan elə xalqının ümidlərini çox keçmədən puç etdi, ölkə iqtisadiyyatı tamamilə iflic vəziyyətə düşdü, korrupsiya halları artdı, ölkədə olan-qalan demokratik ab-hava daha da boğuldu, siyasi müxaliflər təqib olunaraq həns olundu və s.

Məsələnin digər tərəfi isə informasiya müharibəsidir. Belə ki, döyüş sadəcə səngərdə deyil, informasiya məkanında da qızğın səviyyədədir. Belə ki, bu meydanda da erməni xisləti öz sözünü deyir.

İnformasiya çağında erməni xəbər maşını bu gün müxtəlif, heç bir əsası olmayan feyk-nyuslar istehsal edir. Bunların da məqsədi aydındır. Birincisi, bu mənfur ölkə öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq istəyir. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutması faktı sübut edir ki, Azərbaycanın güclü ordusu var və bu təkzibolunmaz faktdır. Ermənistan tərəfinin bir digər feyk-nyusu olan guya Azərbaycan ordusuna Suriyadan olan muzdluların cəlb olunması məsələsidir ki, bunu birbaşa və qərəzli olaraq erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində durmadan dövr etdirir. Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı mövcuddur. Daha dəqiq ifadə etsək, 2 milyon əhalisi olan Ermənistana qarşı vuruşan 10 milyon əhalidən və 10 minlərlə ehtiyatda olanlardan ibarət orduya malik olan Azərbaycanın buna ehtiyacı belə yoxdur. Suriyadan və Livandan olan terroristləri Dağlıq Qarabağda yerləşdirərək beynəlxalq hüquq normalarını, habelə Cenevrə konvensiyasını kobud şəkildə pozan məhz Ermənistanın özüdür ki, bu cür feyk-nyuslar yaymaqla öz əməllərini maskalamağa cəhd edir.

Bundan əlavə, hal-hazırda Paşinyanın istəyi ondan ibarətdir ki, belə təsəvvür yaratsın ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışsın.

      Çox önəmli və cənab Prezident tərəfindən incəliklə vurğulanan məqam müsahibə zamanı ölkə başçımızın Rusiya kanalı vasitəsilə Paşinyanın şəxsində Ermənistanın rəhbərinin Sorosun əlaltısı olmasını açıqca səsləndirməsidir ki, düşünürəm bu da Paşinyanın simasının açılması baxımından Rusiya üçün də önəmli əhəmiyyət kəsb edir.

        Əlbəttə, bu kimi debatlarda və geniş auditoriyalarda bizim birinci silahımız tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimizdirsə, ikincisi bu tarixi faktları və haqlı mövqeyimizi geniş auditoriyalara savad və təmkinlə, xarici dillərdə rəvan nitqə malik olmaqla sərbəst şəkildə çatdıran, diplomatik və siyasi cəhətdən püxtələşmiş dövlət başçısına sahib olmağımızdır. Bundan əlavə, bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu layihələrlə dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanındığı halda, çökmüş iqtisadiyyata və öz xalqını səfil həyat tərzinə məruz qoymuş Ermənistanın arasındakı fərqi dünya ictimaiyyəti Paşinyanın simasında bir daha görür. 

Ən önəmli fərqlərdən biri də iki xalq arasında olan, uçurum qədər dərin olan fərqdir. Belə ki, bu gün Ermənistanda gənclər ordudan yayındığı və yaxud da postları qoyub qaçdığı halda hər bir Azərbaycan gənci orduya könüllü yazılır, valideyinlər övladları ilə qürur duyur, onları “Vətən sağ olsun” deyərək cəbhəyə yola salır, Azərbaycanda yaşayan və dünyaya səpələnən həmvətənlərimiz Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir, Qarabağ eşqi ilə yaşayır. Heç şübhəsiz ki, tarixi ədalət də, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Düşünürəm ki, Azərbaycan xalqının əzmi isə göz qabağındadır və əlavə sözə ehtiyac da yoxdur. “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Şəbnəm HƏSƏNOVA

Politoloq