“Sentyabrın 27-i səhər saat 06:00 radələrindən Ermənistanın cəbhə xətti boyu Azərbaycanı fasiləsiz atəşə tutması, mülki əhalimizi hədəf seçməsi nəticəsində cəbhə xəttində vəziyyət yenidən kritik səviyyədə kəskinləşib. Hücumlara əks-hücumla qarşılıq verən Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistanı geri çəkilməyə vadar edib. Bu hadisələr ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının sıfır səviyyəsinə endiyini bir daha sübut edir. Belə olan təqdirdə ATƏT-in Minsk qrupundan lazımi təzyiq almayan, əksinə üz alan Ermənistan öz təxribatçı əməllərinə nəinki son vermir, hətta onların miqyasını daha da genişləndirir. Bu bir daha göstərir ki, Ermənistan sülhdə maraqlı deyil”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq bildirib ki, sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada əksini tapan fikirlər təəssüf ki, Fransanın hətta belə bir çətin və gərgin məqamda haqsız tərəfin-işğalçı Ermənistanın mövqeyini dəstəklədiyini göstərir: “Belə olan təqdirdə bu bəyanatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçiliyini və onun obyektivliyini sual altında qoyur. Düşünürəm ki, Fransanın aidiyyatı strukturları ölkələrinin bundan sonrakı mərhələlərdə vasitəçi qismində hansı mövqe ilə fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidirlər. Beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn norma və prinsiplərinin əsas götürülməli olduğunun vacibliyini irəli sürən Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa tamamilə əks mövqedə dayanması təəssüf doğurur. Elə beynəlxalq hüququ əsas götürərək də Fransa ən azı işğala məruz qalan dövləti işğalçı dövlətdən ayırmağı bacarmalıdır. Belə bir çətin və məsuliyyətli dövrdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın proseslərdə tutduğu və sərgilədiyi mövqe balanlaşdırılmış səkildə olmalıdır. Lakin Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır”. Ş.Həsənova vurğulayıb ki, işğala məruz qalan ölkə olaraq Fransanın bu bəyanatlarını birmənalı şəkildə pisləyir və qətiyyətlə rədd edirik: “Bu məsələdə ölkə başçımız Prezident İlham Əliyev növbəti dəfə qətiyyətli və prinsipial mövqeyini açıq və aydın şəkildə ifadə etdi. Bir daha aydın göründü ki, heç bir güc Prezident İlham Əliyevi milli maraqlardan çəkindirə bilməz. İlham Əliyev üçün milli maraqların hər şeydən üstün olduğu bir daha sübut oldu”.
Home Manşet Makronun bəyanatları Fransanın münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir