Home Manşet Prezident İlham Əliyev: Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni...

Prezident İlham Əliyev: Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?

376
0
SHARE

Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?!

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı bildirib:

“Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?! Sonra isə, Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. Danışıqların formatını dəyişdirmək cəhdləri – “Qondarma, oyuncaq xunta rejimi ilə Azərbaycan danışıqlar aparmalıdır” sözləri danışıqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldımı? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”