Home Manşet EŞQ OLSUN ƏVƏZSİZ ALİ BAŞ KOMANDANIMIZA VƏ QƏHRƏMAN ORDUMUZA! QƏLƏBƏN MÜBARƏK, VƏTƏN!

EŞQ OLSUN ƏVƏZSİZ ALİ BAŞ KOMANDANIMIZA VƏ QƏHRƏMAN ORDUMUZA! QƏLƏBƏN MÜBARƏK, VƏTƏN!

328
0
SHARE

Gözün aydın olsun, Vətən!
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhəri və rayonun bir neçə kəndinin azad olunduğunu bəyan etdi. Bu gün qəhrəman ordumuz, mübariz oğullarımız öz rəşadətlərini göstərirlər. Bütün xalq əmindir ki, Ali Baş Komandanın rəhbərliyi altında bizim qələbələrimiz bundan da artıq olacaq, bütün torpaqlarımızın işğaldan azad edilməsi sevincini yaşayacayıq! Üçrəngli, ay-ulduzlu, şanlı bayrağımız bütün kəndlərimizdə, rayonlarımızda, Şuşada, Xankəndində, Cıdır düzündə dalğalanacaq! Dədə-baba yurdumuzun, ocağımızın erməni işğalından azad olunması uşaqdan-böyüyə hər bir kəsə qələbə sevincini yaşadır. Qarabağ artıq arzu deyil, Qarabağ artıq reallıqdır, bu günün reallığı! Azərbaycanın Ali Baş Komandanının
qətiyyətli mövqeyinin və mübariz Azərbaycan ordusunun qarşısında çox aciz və çıxılmaz vəziyyətə düşdüyünü Ermənistan artıq yaxşı başa düşür. Ali Baş Komandanımızın siyasi iradəsi,
qətiyyəti, əsgərimizin döyüş qabiliyyəti və xalqımızın iradəsi də göz qabağındadır. Bunkerdə siçan kimi gizlənən Araik Arutunyanlar, Paşinyanlar Azərbaycanın igid oğullarının qəhrəmanlığını yaxşı görsünlər! Faşizm siyasəti yürüdən, terrorçu dövlət olan Ermənistan anlamalıdır ki, torpaqlarımızdan çıxmasa Araik Aratunyan kimi digər separatçıları da eyni aqibət gözləyir. Ermənistan işğalçı mövqeyinə son qoyulmalıdır. Oktyabrın 3-ü və 4-də bütövlükdə Cəbrayıl şəhəri, Cəbrayıl, Füzuli və Tərtər rayonlarının bir neçə kəndi, bir sıra strateji yüksəkliklər işğaldan azad edildi. Əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində bu gün doğma torpaqlarımız bizə qayıdıb. Madagizin adı cənab Prezident tərəfindən dəyişdirilərək Suqovuşan adlandırıldı və xalqımız doğma, dədə-baba yurduna qovuşdu. Doğma torpağına qovuşan xalqımızın dilində daha Madagiz yox, Suqovuşan adı səslənəcək Uzaqgörən siyasət yürüdən cənab Prezident dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini yenidən qurmağa başladı, gözəl qəsəbə salındı. Cənab Prezidentin də qeyd etdiyi kimi Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzinə çevrildi. Bu bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Beləliklə də, bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başladı. Bu müharibə Azərbaycanın böyük Vətən müharibəsidir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır və Ali Baş
Komandanın rəhbərliyi altında şanlı ordumuz bu qələbəni bizə yaşadır. Böyük qələbəyə doğru addım-addım irəliləyirik.
Xalqımız Ali Baş Komandana hər zaman güvəndi, inandı, hər zaman onun ətrafında sıx birləşdi. Körpə uşaq anasına sığınan kimi bütün xalq cənab Prezidentə sığındı, onun düzgün
müəyyən olunmuş xarici siyasi kursuna və Qarabağ məsələsində sərgilədiyi qətiyyətli mövqeyinə inandı, onu dəstəklədi. Hər zaman olduğu kimi Azərbaycan lideri xalqının ümidlərini doğrultdu, doğrultmaqda da davam edir. Cənab Prezident ədalətə söykənən haqlı mövqeyimizi bütün yüksək kürsülərdən beynəlxalq aləmə eşitdirdi. Erməni provokasiyasına yol vermədi, gecə-gündüz əzmlə çalışaraq, haqlı mövqeyimizi dəstəkləyən ölkələrin və təşkilatların sayını artırdı, beynəlxalq aləmi tutarlı faktlarla, diplomatik incəliklə məlumatlandırdı, əksər çoxluqda obyektiv mövqe formalaşdırdı. Budur-bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, canı-qanı bahasına düşməni torpaqlarımızdan qovur. Bu şərəfli missiya tarixdə öz yerini tapır. Bütün bu məğlubiyyətdən ağlı başına gəlməyən, qorxaq, cılız Ermənistan Gəncədə, Mingəçevirdə, Xızıda və digər bölgələrdə mülki əhalimizi hədəf alır. Bu hücumların biri belə cavabsız qalmır və Azərbaycan ordusu adekvat olaraq cavablarını verir. Xalqımız zəfər tarixi yazan, bizə qələbə sevincini yaşadan müzəffər ordumuzu qürur mənbəyi hesab edir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmi və iradəsi sayəsində bu yoldakı böyük sədlər dəf edildi, böyük qələbəyə olan inamımız isə hər zaman olduğundan daha yenilməz oldu. Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz xalqımızın və dövlətimizin yeni şanlı tarixini tarixini yazır. Ali Baş Komandan-xalq-ordu birliyinin vəhdəti bu gün tarixi
ədaləti bərpa edir. Bizim Ali Baş Komandan heç kimə zəng etmir, emissar göndərmir, xalqımız heç kimə yalvarmır, ağlamır-sızlamır. Ali Baş Komandanımız dimdik, alnıaçıq öz ordusunun başı üstündə mərdcəsinə dayanır! Azərbaycan əsgəri düşməni iti qovan kimi öz dədə-baba torpaqlarından qovur. İşğal edilmiş torpaqlarımızda şanlı Azərbaycan bayrağı qaldırılır, ordumuz xilaskar missiyasını icra edir. Ədalət gecikə bilər, amma o bir gün mütləq qapını döyür, həm də bərk döyür. Azərbaycan hər zaman haqq-ədalətin tərəfində olub. Budur nəticə, ədalət qapımızdadır! Bu gün biz tariximizin ən şərəfli anlarını yaşayırıq, ədaləti və ərazi bütövlüyümüzü bərpa edirik. Ali Baş Komandan hər zaman olduğu kimi Azərbaycan xalqının ümidlərini doğruldur. Xilaskar Azərbaycan əsgəri haqq yolunda öz torpağımızda döyüşür, öz
doğma dədə-baba torpağını işğalçılardan azad edir. 1990-cı illərin əvvəllərində məğlubiyyət, faciə göz yaşları tökən Azərbaycan bu gün sevinc göz yaşlarına qərq olub. Biz Qarabağ həsrətilə yaşadıq, torpaqlarımızın bütövlüyü ali məqsədimiz oldu. Prezidentimizə güvəndik, güclənən dövlətimiz və silahlı qüvvələrimiz qələbə əzmimizi daha da möhkəmləndirdi. Bütün Azərbaycan torpaqlarının düşmən tapdağından bütünlüklə azad olunacağı tarixə sayılı günlər qalıb. Hər gün cəbhədən aldığımız ən xırda xəbər belə bizi sevindirir, xoşbəxt edir, müqəddəs Qarabağ torpağına ayaq basmaq üçün bizi səbirsizləndirir. Qızlarımızın gəlinlərimizin, igidlərimizin, ərənlərimizin Şuşada, Cıdır düzündə rəqs edəcəyi günlər, ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-dua sədalarının göyə ucalacağı günlər lap yaxındadır.

Qələbən mübarək, Vətən!

Şəbnəm HƏSƏNOVA

Politoloq