Home Manşet Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyi birmənalıdır

Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyi birmənalıdır

345
0
SHARE
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi birmənalıdır: münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan bu zamana qədər münaqişənin diplomatik vasitələrlə həllinin və sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə və təxribatlarla danışıqlar prosesini faktiki olaraq pozub. Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində qeyd etdiyi kimi, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarında və BMT-nin nizamnaməsində əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı həyata keçirir, tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edir. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin  yerinə yetirilməsi lazımdır. Bəhs olunan qətnamələrdə konkret olaraq göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Ermənistan nəinki bu qətnamələri yerinə yetirmir, hətta müharibə cinayətlərini davam etdirir. Ermənistandan və Dağlıq Qarabağdan tərəfindən artilleriya atəşləri nəticəsində 6 oktyabr 2020-ci il tarixinədək 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Eyni zamanda, Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.  İşğalçı ölkənin  müharibə cinayətləri sırasında münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasında kənarda yerləşən Gəncənin əhalisinin atəşə tutulması, həmçinin Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşməsi, 10-dan çox şəhərimizin, yüzlərlə kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması xüsusi vurğulanmalıdır. Bu hallar həm də işğalçının açıq təxribatlarını əks etdirir. Ümumiyyətlə, işğalçı Ermənistan hər dəfə döyüş meydanında aciz vəziyyətə düşəndə dinc əhalini hədəfə alır.
Ermənistan, eyni zamanda, feyk xəbərlər vasitəsilə informasiya müstəvisində təxribatlarını davam etdirir, yalan məlumatlarla beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Məsələn, Türkiyə Respublikasının guya bu münaqişəyə cəlb olunması iddiasını ortaya atmaqla Azərbaycan Ordusunun uğurlarının üzərinə kölgə salmağa və öz məğlubuyyətini müxtəlif bəhanələrlə gizlətməyə çalışır. Yeri gəlmişkən, Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmayıb. Ona görə də bu kontekstdə rasional və praqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir.