Home Manşet Anar Məmmədov: Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır

Anar Məmmədov: Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır

389
0
SHARE

30 il ərzində Ermənistan–Azərbaycan münaqişəsində indiyə kimi ilk dəfə bu qədər geniş miqyasda, daha doğrusu bütün cəbhə boyu hərbi əməliyyatlar davam etdi. Bu gün ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Heç bir şübhə yoxdur ki, şanlı Azərbaycan Ordusu bütün torpaqları öz əzəli sahiblərinə-Azərbaycan xalqına qaytaracaqdır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Bu gün biz artıq qılıncdan qələmə keçib, hərbi uğurlarımızı diplomatiya meydanında davam etdiririk. Azərbaycan hökuməti indiyə kimi münaqişənin sülh yolu ilə həlli üçün nə qədər çalışsa da, bu, mümkün olmadı. Reallıq da göz qabağındadır. İllərdir davam edən sülh danışıqları nəticəsizdir. Bundan sonra bu danışıqların davam etməsinin bizə heç bir xeyri yoxdur. Çünki Ermənistan tərəfi üst-üstə təxribatlar törədərək bu danışıqların əbəs olduğunu sübut etdi. Ötən gün Rusiya tərəfinin təşəbbüsü əsasında Moskva şəhərində son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar nəticəsində qəbul edilmiş “Humanitar atəşkəs”lə bağlı olan bəyanat artıq erməni tərəfinə verilən sonuncu şansdır. Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Buna görə də mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Ölkə başçısının da vurğuladığı kimi, təmas xətti deyilən anlayış yoxdur. Məlum olduğu kimi, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Lakin Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Cənab Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları ölkə başçısı üçün ən ali dəyərdir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Ermənistanın baş naziri bizə qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Buna görə də bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Bununla da erməni tərəfi birdəfəlik dərk etməlidir ki, atəşkəs sülh deyil və qarşıdan gələn iki gün Ermənistana mövcud reallığa adekvat addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində real addımlar atmaq üçün son şansdır.

 

Anar Məmmədov

 

Milli Məclisin deputatı