Home Siyasət Danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır

Danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır

161
0
SHARE

Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatlarının qarşısı qüdrətli Azərbaycanın silahlı qüvvələri tərəfindən layiqincə alındı. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirməklə düşmənə ağır zərbələr endirdi, bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olundu. Ən əsası, Silahlı Qüvvələrimiz 10 gün ərzində Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çoxsaylı tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Eyni zamanda, bütün cəbhə xətti boyu ermənilərn müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları var. Nəticədə Ermənistana hərbi müstəvidə ciddi dərs verildi, düşmən ölkə aciz vəziyyətə düşərək məğlubiyyətə düçar oldu.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib: “Azərbaycanın döyüş meydanında qazandığı uğurlar status-kvonun dəyişməsi ilə nəticələndi.

Döyüş meydanında Azərbaycanın qazandığı uğurlar isə status-kvonun dəyişməsi, Azərbaycanın diplomatik cəbhədə böyük üstünlük əldə etməsi ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində qətiyyətlə vurğuladı: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti”.

Ötən gün Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsində verilən bəyanat və müvəqqəti humanitar atəşkəsin elan olunması da Azərbaycanın şərtlərinin birmənalı olaraq nəzərə alındığını, ölkəmizin diplomatik meydanda da üstün olduğunu göstərir. Təbii ki, 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin kifayət qədər mürəkkəb xarakter daşıdığını deməyə əsas verir. Humanitar atəşkəsin birinci mərhələ olduğunu nəzərə alaraq vurğulamaq olar ki, hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır.

Ermənistan işğal etdiyi torpaqlarımızdan öz qoşunlarını çıxarmasa, hərbi əməliyyatlar bərpa oluna bilər.

Reallıq budur ki, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir. Eyni zamanda, Azərbaycana qarşı hər hansı şərtin irəli sürülməsinin qəbuledilməzliyi birmənalı olaraq anlaşıldı. İndi Azərbaycan hərb meydanında uğurlarını diplomatik müstəvidə də davam etdirərək ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində ciddi iradə nümayiş etdirir. Azərbaycan Prezidenti qətiyyətli mövqe ortaya qoyaraq vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı təzyiqləri neytrallaşdırır. Elə humanitar atəşkəsin imzalanması da Azərbaycanın problemin ölkəmizin milli mənafeyinə uyğun həll edilməsi üçün mühüm diplomatik gedişlərdən biridir. Ümumiyyətlə, hazırkı həssas və mürəkkəb şəraitdə diplomatiyada hansısa səhv addım hərbi uğurlarımızın və üstünlüyümüzün də əhəmiyyətinin azalmasına səbəb ola bilər. Bunu nəzərə alan Azərbaycan dövləti humanitar atəşkəsə birtərəfli qaydada “yox” demədi. Bu, həm hərbi nailiyyətlərin diplomatik müstəvidə möhkəmləndirilməsi, həm də Ermənistanın mövqeyini gücləndirməyə yol verilməməsi baxımından çox vacibdir. Son məqsəd isə ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasına nail olmaqdır. Humanitar atəşkəs isə daimi deyil, yəni müvəqqəti xarakter daşıyır. Əgər Ermənistan təcavüzkar iddialarını, işğalçı siyasətini davam etdirəcəksə, humanitar atəşkəsin saxlanılması mümkün olamayacaq. Daha dəqiq desək, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmayacaqsa, o zaman hərbi əməliyyatların bərpa olunması mümkündür. Bundan sonra danışıqlar baza prinsiplərinə əsaslanmalıdır. Yəni BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və Helsinki Yekun Aktının tələbləri əsas götürülməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar Bir sözlə, problemin həlli istiqamətində aparılacaq danışıqlar mahiyyətinə uyğun olmalıdır. Ən əsası, təcavüzkar Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Həm Ermənistan, həm də bu ölkəyə havadarlıq edən qüvvələr anlamalıdırlar ki, “münaqişənin hərbi həlli yoxdur” anlayışı yanlışdır. Azərbaycan uğurlu əks-hücum əməliyyatı həyata keçirərək öz ərazi bütövlüyünü təmin etmək əzmini göstərməklə bunu nümayiş etdirdi.

Prezident İlham Əliyev Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.

Beləliklə, Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Ali Baş Komandanın bu qətiyyəti nəticəsində status-kvo dəyişdi, indi artıq şərtləri Azərbaycan diktə edir. Danışıqların formatının dəyişdirilməsi, separatçıların tərəf kimi bu prosesə cəlb olunması kimi iddiaların qarşısı alındı, Ermənistanın baş naziri artıq 7 şərt irəli sürə bilmir, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində üstün olan, diktə edən tərəf məhz Azərbaycandır.”