Home Manşet Hikmət Hacıyev: Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi...

Hikmət Hacıyev: Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi uğurla başa çatdı

231
0
SHARE

Ermənistanın təxribatına və mülki Azərbaycan əhalisini hədəfə almasına cavab olaraq keçirilən əks-həmlə əməliyyatı nəticəsində 10 günlük müddət ərzində Ermənistan silahlı qüvvələrinə ciddi zərbə vuruldu.

Trend xəbər verir ki, bu fikri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Son bir il ərzində baş verən proseslər onu göstərirdi ki, Ermənistan azğınlaşmış və Azərbaycan ərazilərinin işğalını artıq bitmiş iş hesab edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması da buna hesablanmışdı. İşğala əsaslanan status-kvo qalmaqda davam edirdi. Ermənistan bütün imkanlardan istifadə edib ərazilərin ilhaqını həyata keçirirdi. Ermənilərin heç zaman yaşamadığı Cəbrayıl rayonunda məskunlaşma aparılırdı.

2016-cı ilin aprel döyüşlərində aldığı zərbəyə baxmayaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də özünü qalib tərəf kimi göstərməyə çalışırdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-strateji baxımdan Ermənistanın bu illüziyaları darmadağın edildi. On günlük hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin əsas idarəetmə mərkəzləri, hərbi infrastrukturu, silah-sursat və maddi-texniki təchizat bazası, döyüş texnikası, bahalı radio-elektron və hava hücumundan müdafiə sistemləri və döyüşkən hərbi birləşmələri məhv edildi. Otuz illik dövr ərzində Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunaraq bu hərbi infrastruktur sistemi qurulmuşdu. Coğrafi baxımdan qismən kiçik bir ərazidə Ermənistan tərəfindən böyük həcmdə silah-sursat və hərbi texnika cəmləşdirilmişdi. Şərti olaraq desək, hər bir kvadratmetr ərazi atəş zərbəsi altındadır. Çoxlu sayda təbii maneələr vardır. Ermənistan bu torpaqları həmin dövrün reallığında 7-8 ilə işğal etmişdi. Qısa müddətdə Ermənistanın bu döyüş texnikasının böyük əksəriyyəti məhv edildi. Hərbi əməliyyatların gedişi Ermənistanın iqtisadiyyatına çox ciddi zərbədir. Uzunmüddətli dövr ərzində Ermənistanın siyasi-diplomatik, hərbi və iqtisadi baxımdan müqavimət əzmi sındırılır.

Hərbi baxımdan status-kvo dəyişdirildi. Artıq təmas xətti anlayışı yoxdur. Ermənistan təmas xəttini dövlət sərhədinə çevirməyə çalışırdı. Ermənistanın sülhə məcbur edilməsi istiqamətində həyata keçirilən əməliyyatın birinci mərhələsi uğurla başa çatdı. Cəbrayıl rayonu, çox böyük əhəmiyyətə malik olan Suqovuşan kəndi işğaldan azad edildi. Dağlıq Qarabağın inzibati ərazi vahidinə daxil olan Hadrut qəsəbəsi və ətraf kəndlər işğaldan azad edildi. Bütün bunlar həm də Ermənistana böyük psixoloji zərbədir”.

Hikmət Hacıyev qeyd edib ki, münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.

Siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir.

Ermənistan xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə öz bildiyi kimi təhrif edirdi.

Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunmuşdur. Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi vardır. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir.

Atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz. Humanitar atəşkəsin elan olunmasının ardınca dərhal mahiyyətli danışıqlar başlanmalıdır.

Humanitar əsaslarla atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətləri boyunca atəşkəsin pozulması davam edir. Əgər Ermənistan işğaldan azad edilmiş ərazilərin yenidən işğal edilməsinə cəhd edərsə, yenə də öz layiqli cavabını alacaqdır.

Humanitar atəşkəsin ardınca dərhal mahiyyətli və nəticəli danışıqlar aparılmalıdır. Danışıqlar prosesinin yol xəritəsi hər kəsə məlumdur. Azərbaycan buna hazırdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatından çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Yaranmış vəziyyətin münaqişənin köklü həllinə və regionda davamlı sülhün təmin olunmasına doğru istiqamətləndirmək lazımdır.

Baş verənlər bir daha onu göstərir ki, vəziyyətin hər zaman gərginləşməsi baş verə bilər. Bütün resurslar işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına hədəflənməlidir. Bundan sonra regionda davamlı sülh təmin oluna bilər.