Bu gün görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 81-ci ildönümüdür. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi hər il oktyabrın 10-da görkəmli alimin məzarını ziyarət edib, xatirəsini anır.
İnstitutdan Trend-ə bildirilib ki, hazırkı karantin rejimi ilə əlaqədar, təəssüf ki, bu dəfə A.İmanquliyavanın məzarını kollektiv şəkildə ziyarət etmək mümkün olmadı. Kollektivin adından Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Sulduz Məhərrəmov Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar.
Professor Aida xanım İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirmiş, inkişaf etdirmişdir.
Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan, çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyektinin ərəb məhcər ədəbiyyatı olduğu, Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim – Aida İmanquliyeva Şərq və Qərb mədəniy¬yətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.
Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan professor A.İmanquliyeva elmimizi dəfələrlə yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil etmişdir.
Elmi ictimaiyyətimiz Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edir.
AMEA Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru.