Home Manşet Prezidentə yazırlar: İşğalçı Ermənistana qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəkləyirik

Prezidentə yazırlar: İşğalçı Ermənistana qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəkləyirik

366
0
SHARE

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin və digər ölkələrin vətəndaşlarından Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin Antalya şəhərindən Hasan Demirtaş yazır: “Hörmətli cənab Prezident, vəzifəmin icrası ilə əlaqədar 3 il Azərbaycanda yaşamışam. İki qardaş ölkənin iqtisadiyyatı, məhsulu və xidmət keyfiyyətinin digər ölkələrlə rəqabət etməsi və üstün olması üçün çox çalışmışam. Bu müddət ərzində Azərbaycanla bağlı çoxlu xoş xatirələrim var, eyni zamanda, sadiq dostlar da qazanmışam. Bu gün biz işğalçı Ermənistanla haqlı mübarizədə Sizin və bütün Azərbaycan xalqının yanındayıq. Lazım gələrsə verəcəyiniz hər bir tapşırığa da hazır olduğumu bildirirəm. Arzum Azərbaycana növbəti səfərimdə Qarabağda dalğalanan üçrəngli şanlı bayrağımızın kölgəsi altında durmaqdır. Sizə, komandanıza, Azərbaycanın igid əsgərinə və bütün azərbaycanlı qardaşlarıma ehtiramımı bildirirəm”.

Türkiyənin Kocaeli şəhərindən Birol Özer: “Hörmətli Prezidentimiz İlham Əliyev, mən Türkiyədə, Kocaeli şəhərində yaşayıram. Burak adlı bir oğlum var. Mən və oğlum hər zaman erməni işğalına qarşı Sizin və bütün Azərbaycanın yanındayıq. Azərbaycan dost və qardaş ölkədir. Biz iki dövlət, bir millətik. Sizin dostunuz bizim dostumuz, düşməniniz düşmənimizdir. Buna görə Sizin sıralarınızda olmaq bizim üçün şərəfdir. Bizlər üçün şəhadət ən böyük mükafatdır. Azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanmaq üçün Sizin əmrinizi gözləyirik. Allaha əmanət olun. Rəbbimiz yar və yardımçınız olsun!”.

Misirin paytaxtı Qahirədən Seymur Nəsirov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun qələbələri münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirik. İşğalçı Ermənistana qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəklədiyimizi bildiririk. Biz harada yaşamağımızdan asılı olmayaraq hər zaman Vətənə bağlıyıq, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımızda baş verən hadisələri diqqətlə izləyirik. Bir vətəndaş kimi bütün qüvvələrimizi səfərbər etmişik. İnformasiya müharibəsində aktiv iştirak edirik. Misir ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması istiqamətində səylərimizi əsirgəmirik. Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hər an hazırıq. Sizin və şanlı ordumuzun yanındayıq. İnanırıq ki, Sizin komandanlığınızla tezliklə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Vətənimizin ərazi bütövlüyü təmin olunacaq. Bu şanlı yolda Uca Allah yardımçınız olsun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

İordaniyanın Əmman şəhərindən Eyhəm Əbu Annəb, Təhsin əl-Muflih və Ziyad əl-Xarabşeh yazırlar: “Möhtərəm cənab Prezident, biz İordaniya Azərbaycan Məzunları Klubunun İdarə heyətinin üzvləri olaraq, Zati-alinizi salamlamaqdan, Sizə və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı arzulamaqdan şərəf hissi duyuruq. Eyni zamanda, Zati-aliniz vasitəsilə böyük Azərbaycan xalqına daha çox sabitlik, tərəqqi və firavanlıq diləməkdən sevinc hissi keçiririk. Hazırkı məktub haqq işinizə inamımızdan irəli gəlir. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi məqsədilə hərbi əməliyyatlar həyata keçirir. Şübhəsiz ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal edib, bununla da beynəlxalq hüququn prinsip və normalarını pozub, BMT-nin 822, 853, 874 və 884 saylı qərarlarına məhəl qoymamağa davam etməkdədir. Beynəlxalq birlik həmin qərarlar vasitəsilə işğalçı qüvvələrin işğal olunmuş bütün Azərbaycan torpaqlarından tam çıxmasını tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyimizi Zati-alinizə təsdiqləmək istəyirik. Bizim üçün əziz və dəyərli Azərbaycan Respublikasının Sizin müdrik rəhbərliyinizlə 30 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirdiyini görürük. Lakin hazırkı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv və sülh əleyhinə mövqeyi səbəbindən danışıqlar istənilən nəticəyə gəlib çıxmayıb. Zati-aliləri, biz çox yaxşı bilirik ki, erməni təcavüzkarları işğal olunmuş Azərbaycan ərazilərində mövcud infrastruktura böyük zərər yetirmiş, Xocalı soyqırımı kimi qətliamı törətmiş, Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtmış və oradakı məscidləri donuz və mal-qara tövlələrinə çevirmişlər. Bu da bütün İslam dünyası üçün təhqirdir. Yekunda cəsarətli Azərbaycan Silahlı Qüvvələrinin Sizin rəhbərliyinizlə və Sizin əzmkarlığınızdan ilham alaraq, Cənubi Qafqaz regionunda sülh naminə işğal olunmuş Azərbaycan torpaqlarını və oradakı insanları azad etmək, eləcə də ölkənin beynəlxalq tanınmış sərhədləri daxilində əmin-amanlıq və sabitlik yaratmaq kimi müqəddəs vəzifəni yerinə yetirməkdə uğur qazanacağına əminliyimizi ifadə edirik. Zati-aliləri, Sizin işiniz haqq işidir, inşallah, zəfər Sizin olacaqdır. Uca və Qüdrətli Allahdan Zati-alinizi, Azərbaycan Respublikasını və qardaş Azərbaycan xalqını qorumağı rica edirik”.

Ukraynadan Zakir Cabbarov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin Azərbaycan üçün etdikləriniz sayəsində xalqımız bütün dünyada başını uca tutur. Allah da daim Sizi uca etsin. Siz gecə-gündüz xalqa xidmət edirsiniz. Gün o gün olsun ki, Sizi Kəlbəcərdə öz evimizdə qonaq edək. Heç olmasa, biz də bir günlük Sizin qulluğunuzda duraq. Bütün işlərinizdə Allah Sizin köməyiniz olsun. Allah Sizi qorusun, inşallah”.

İmişli rayonunun sakini Nicat Rüstəmov yazır: “Cənab Ali Baş Komandanımız, Mənim yaşım az olduğuna görə hələlik cəbhəyə yollana bilmirəm. Amma bütün qərarlarınızı ürəkdən dəstəkləyirəm. Əminəm ki, tezliklə işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək, həmçinin Azərbaycanın siyasi mövqeyini möhkəmləndirəcəksiniz. Mən də Sizə söz verirəm ki, igid əsgər kimi daim Vətənimi şərəflə qoruyacaq, onun adını uca tutmaq üçün layiqli, savadlı övlad olacağam”.

Şəmkirdən Xəlil İsgəndərov: “Əziz və hörmətli Prezidentimiz, Siz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olmaqla müstəqil Azərbaycanımızın sürətli inkişafına və dünya miqyasında tanınmasına nail olmusunuz. Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir, dünya birliyində özünə layiqli yer tutmuşdur. Mən onu deyə bilərəm ki, Azərbaycan Respublikası heç vaxt indiki kimi güclü olmamışdır. İndi bizim güclü ordumuz və müasir silahlarımız var, həmin ordunun gücü ilə erməni təcavüzkarları tərəfindən işğal edilmiş torpaqlarımızı azad edə bilərik. Sizin göstərişinizlə biz Azərbaycan xalqı olaraq hər zaman hər şeyə hazırıq. Mən Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyirəm, qələbə bizimlədir. Arzu edirəm ki, müharibə tezliklə qurtarsın, köçkünlərimiz doğma yurd-yuvalarına qayıtsın. Xalq Sizi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görür. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Allah Sizi, əsgərlərimizi və Azərbaycan xalqını qorusun. Vətən uğrunda canından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz və ordumuzun igid, cəsur əsgərləri var. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq, qisası alınacaq! Bu şüar daim səslənəcək: İlhamla daim irəli! Qarabağ Azərbaycandır!”.

Şəki sakini Könül Qasımova: “Hörmətli cənab Prezident, son zamanlar qazandığımız bütün uğurlu əməliyyatlara, aldığımız bütün şad xəbərlərə görə Sizə və güclü, rəşadətli ordumuza təşəkkür edirəm və bu haqq yolunda daha böyük uğurlar arzulayıram. Biz həmişə Sizin arxanızdayıq, Sizinləyik. İnanırıq ki, Azərbaycan Ordusu tezliklə böyük zəfər çalacaq”.

Salyan rayon sakini Tahir Gülnəzərov: “Cənab Ali Baş Komandan, çoxdan bəri gözlədiyimiz “İrəli!” əmrini verdiyiniz üçün Sizə minnətdarıq. Çünki bu əmrə əsasən düşmən təxribatına layiqli cavabı verilir. Torpaqlarımız işğaldan tədricən azad olunur. Bu savaş naminə hər birimiz müsəlləh əsgər kimi Sizin əmrinizə müntəzirik. Biz Ordumuzla fəxr edirik və inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımız işğaldan tezliklə azad ediləcək. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”.

Salyan sakini Əliağa Yunusov: “Hörmətli cənab Prezident, artıq 30 ildir ki, xalqımızın gözlədiyi gün Sizin qətiyyətli mövqeyiniz, siyasi bacarığınız və cəsarətli addımlarınız hesabına gəlib çatmışdır. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunun formalaşmasını və nüfuzunun artmasını təmin etmişdir. Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsinin kollektivi Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başladığı uğurlu əks-hücum əməliyyatını dəstəkləyir, Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi biz də sevinc və qürur hissi ilə alqışlayırıq. Yaşasın Ali Baş Komandanımız və rəşadətli Ordumuz!”.

Qazax rayon sakini Vələd Məmmədov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi öz adımdan, Qarabağ döyüşlərində iştirak etmiş veteranlar adından, çalışdığım Qazax rayon suvarma sistemlərinin çoxsaylı işçiləri adından, yaşadığım Kosalar kəndinin ağsaqqalları adından salamlayır, Sizə uzun ömür, cansağlığı və bu böyük, şərəfli işinizdə nailiyyətlər arzulayırıq. Allah Sizə yar olsun. Biz Sizin haqq işinizi həmişə dəstəkləyir və bəyənirik. Apardığınız daxili və xarici siyasəti ürəkdən alqışlayırıq. Yaxşı ki, varsınız. İnanırıq ki, Sizin komandanlığınız altında mətin ordumuz tezliklə qələbə çalacaq, erməni faşistləri tərəfindən zəbt olunmuş torpaqlarımız qısa müddət ərzində azad olunacaq və üçrəngli bayrağımız iftixarla doğma Qarabağda dalğalanacaq. Hamımız səbirsizliklə o günü gözləyirik. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hörmətli Prezident, ürəyimiz xoş arzularla doludur, sadalamaqla bitməz. Siz Qarabağ Qələbəsi ilə öz adınızı tarixə qızıl hərflərlə həkk etmiş olacaqsınız. Allah Sizə və müzəffər Ordumuza yar olsun!”.

Gəncə şəhər sakini Ramiz Məhərrəmov: “Möhtərəm cənab Prezident, son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı və hərbi əməliyyatları pisləyir, Sizin əmrinizlə düşmənə qarşı keçirilən əks-hücum əməliyyatlarını dəstəkləyirik. Bir Qarabağ müharibəsi veteranı kimi hər çıxışınızı diqqətlə dinləyib Sizinlə fəxr edirik. Bütün veteranlar siyasətinizi dəstəkləyir, Sizə inanırlar. İnanırıq ki, komandanlığınızla rəşadətli əsgərlərimizin döyüşlərdə qazandığı uğurlar böyük qələbə ilə nəticələnəcək və üçrəngli bayrağımız işğal altından azad edilmiş bütün torpaqlarımızda dalğalanacaq. Allah Sizi, ailənizi və Ordumuzu qorusun! Biz həmişə yanınızdayıq! Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var!”.

Tovuz rayonunun sakini Ədalət Abdullayev: “Hörmətli cənab Ali Baş Komandan, son günlər Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaətlər bütöv Azərbaycan xalqı olaraq bizləri hədsiz sevindirir və qürurlandırır. Ermənilərin törətdiyi təxribata qarşı şanlı ordumuza əks-hücum əməliyyatlarına başlamaq əmri verməyiniz bizim uzun illərdir ki, qəlbimizdə bəslədiyimiz arzularımızın gerçəkləşməsinə səbəb oldu. Sizin böyük siyasi iradə göstərib torpaqlarımızın erməni faşizmindən azad olunmasında və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda atdığınız məğrur və müdrik addımlarınızı alqışlayaraq, Siz başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq”.

İsmayıllı rayonunun sakini Şəhriyar Maxsudov: “Cənab Ali Baş Komandan, mən ehtiyatda olan əsgər kimi hər zaman Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına döyüşməyə hazıram. Erməni silahlı qüvvələrinin ölkəmizə qarşı təxribatına cavab olaraq əks-hücuma keçən ordumuzun cəbhədəki uğurları məni də ruhlandırır və igid əsgərlərimizlə birlikdə olmağa sövq edir. Hörmətli Prezident, fəxr edirəm ki, Sizin kimi rəhbərimiz var. Sizin qətiyyətli, ardıcıl və uğurlu siyasətiniz nəticəsində uğur qazanacağımıza inanıram. İnşallah, tezliklə bütün Azərbaycana qələbə xəbəri verəcəyinizə ümid edirəm. Yaşasın Azərbaycanın Ali Baş Komandanı! Qarabağ Azərbaycandır!”.