“Avropa ölkələrindən erməni əsilli radikalların Dağlıq Qarabağda döyüşməyə gəlməsi heç də təsadüfi deyil, burada bir neçə məqsəd var”. Bunu tan.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, 1-ci Qarabağ müharibəsində də ermənilər aktiv şəkildə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma ilə məşğul olurdular və məskunlaşmada da əsas məqsəd terror qruplaşmalarını mülki vətəndaşlar adı altında yerləşdirmək idi: “Onlar terrorçu dəstələri, muzdluları gətirirdilər, guya ki, dinc əhali kimi məskunlaşdırırlar. Burada bir neçə məqam var. Bir məqam da ondan ibarətdir ki, son vaxtlar Avropanın bir sıra dövlətlərindən erməni əsilli radikallar və millətçilərin Dağlıq Qarabağda döyüşlərə gəlməsi intensiv xarakter alıb. Əslində isə burada Avropa dövlətlərinin də öz maraqları var. Əsas məqsədlərdən biri odur ki, Avropa özü də bu erməni əsilli radikallardan canını qurtarmaq istəyir və həmin radikalların ölkədən çıxması üçün şərait yaradırlar”.
A.Nağıyev vurğulayıb ki, yəni Avropa dövlətləri erməni millətindən olan radikalları öz ərazilərindən birmənalı şəkildə mədəni sürətdə qovurlar: “Onlar da əllərinə silah alıb guya ki, “vətənpərvər” ruhda burada vuruşmağa gəlirlər. Avropa məsələni ikili həll edir, yəni həm öz ərazisindən radikal erməniləri qovur, eyni zamanda həmin adla guya ki, ermənilərə köməklik göstərir”.