Azərbaycanda koronavirusa yoluxma statistikasındakı artım çox böyük artımdır. Hələ bu rəqəmlər daha da artacaq. Çünki insanları bir araya gətirəcək çətin günlər yaşayırıq. Bir araya gələn zaman isə COVID-i düşünmürük. Ehtimal edirik ki, qış aylarında virusla bağlı artım yayda yaşadığımız pik həddən daha yüksək olacaq.
Trend-in məlumatına görə, bunu REAL TV-yə müsahibəsində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. O qeyd edib ki, Azərbaycan koronavirusa qarşı ən birinci tədbir görən ölkələrin sırasında idi. Mart ayının əvvəlindən etibarən məktəblər bağlandı. Bu ictimai səhiyyə tədbirləri nəticəsində virusa yoluxma sayı azaldı. Lakin payız girəndən bəri son iki həftədir sürətli artım başlayıb və 2 gündür bu rəqəmlər daha da artıb:
“Bunun çox səbəbi ola bilər. Qış aylarında COVID və digər respirator viruslar daha çox artır. Havalar soyuduqca insanlar daha çox qapalı məkanlarda olurlar. Digər səbəb isə insanlarda bir pandemik yorğunluğun omasıdır. Çünki fevral ayından bəri insanlara özlərini qorumaları ilə bağlı tövsiyələr edirik. Buna desensitisizasiya – həssaslığın azalması deyilir. Təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. İnsanlara bu çətin günlərdə belə mesajları vermək çətindir, amma diqqət etmək lazımdır. Həm özümüz, həm sevdiklərimiz üçün, həm də xəsrtəliyin daha da yayılmaması üçün”.
ÜST nümayəndəsi həmçinin deyib ki, Avropada da yoluxma sayı artır. Artıq Fransanın Paris də daxil olmaqla, bəzi şəhərlərində saat 21:00-06:00 arası küçəyə çıxma qadağası tətbiq edilir. O qeyd edib ki, insanların bir araya gəlməsinin artıma səbəb olmasına görə bu məhdudiyyətlərə gedilib: “Bəzi insanlar hesab edirlər ki, COVID yoxdur, bunlar konspirasiyadır. Bir qrup insan da var ki, hesab edir ki, onlar yoluxmazlar. Hər kəs istəyir ki, COVID yox olsun, amma mən xəstələnməyim. Başqaları xəstələnsin və virus bitsin. Amma belə bir şey mümkün deyil. Əgər virus təsir edəcəksə, hamımıza təsir edəcək. Belə virus var və insanları öldürür – bunu qəbul edə bilsək, həyatımızı normal şəkildə davam etdirə bilərik”, – deyə H.Harmancı deyib.
Əvvəlki kimi kütləvi qapanmaların olma ehtimalına gəlincə isə, ÜST nümayəndəsi deyib ki, hökumət əvvəlki kimi bütün ölkəni qapatmadan ayrı- ayrı kəndlər, məhəllələr, məktəblər səviyyəsində qapatmalara gedir. Bu o deməkdir ki, Operativ Qərargah ən kiçik yerləşim yerlərində belə olanlardan xəbərdardır:
“Nəzarət çox sıx şəkildə aparılır. Əvvəlki kimi qapanmaya gedilməyəcəyini düşünürəm. ÜST-ün tövsiyəsi də elə bununla bağlıdır. Nə qədər yaxından nəzarət edilsə, sürətlə yoluxmanı aşkarlaya bilsək, insanları evdə qalmaya təşviq etsək, bu xəstəliklə bir o qədər tez başa çıxa bilərik. Bütün dünyada olduğu kimi Azərbaycanda da gündəlik çörəkpulu qazanan insanlar var. Onların işə getməməsi ailələri üçün çətinlik yaradır. Bunu Operativ Qərargah da düşünür. Hesab edirəm ki, son ana qədər bütünlüklə qapanmaya gedilməyəcək. Amma bu, hamımızın davranışlarından asılıdır. Əgər bir yerdə kütəvi yoluxma olarsa, aradan qaldırmaq üçün tədbirlər görüləcək”.
H.Harmancı vaksinlə bağlı məsələyə də münasibət bildirib: “Biz vaksini səbirsizliklə gözləyirik. Hazırda yüzlərlə vaksin üzərində araşdırmalar aparılır. 10 vaksin ən son mərhələdə idi, bu həftə 2-ni saxladılar. Yenidən davam ediləcəkmi, bilinmir. Əgər vaksinin bir insanda belə əks təsiri olarsa, ona yenidən baxmaq lazımdır. Vaksinlərin əks təsirləri olmamalıdır. Xüsusən uşaqlara edilən vaksinlər daha etibarlı olmalıdır. İstəyirik ki, bu ilin sonunadək ən azı 1 vaksin hazır olsun. Lakin hazırda vaksin yoxdur, virusun müalicəsi ilə bağlı da dərman da yoxdur. Ona görə də, məcburən qoruma qaydalarına əməl etməliyik”.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına yeni 530 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutka ərzində 3 nəfər COVID-19-dan vəfat edib.