Home Manşet Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz

272
0
SHARE

Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım”