Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çılar Qarabağda düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Yəni nəzarətsiz bir sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayır.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı bölgədə neçə PKK düşərgəsinin olması ilə bağlı suala cavabında deyib: “Onu biz deyə bilmərik. Çünki onlar bir yerdə dayanmırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var. Hər halda, Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni əsgəri deyil. Yəni, onlar muzdlulardır”.