Home Cəmiyyət Ermənilərin dağıtdığı evimin açarını hələ də saxlamışam – Füzuli sakini

Ermənilərin dağıtdığı evimin açarını hələ də saxlamışam – Füzuli sakini

14
0
SHARE

Ermənilər 1988-ci ildən özlərinin sıx məskunlaşdığı ərazilərə azərbaycanlıların giriş-çıxışına çətinliklər yaratmağa başlamışdı.

Bunu Trend-ə açıqlamasında erməni vandalizmi səbəbindən evindən-obasından köçkün düşmüş Füzuli rayon Dilağarda kənd sakini 1956-cı il təvəllüdlü Vaqif Zülfüqarov bildirib. Onun sözlərinə görə, həmin dövrlərdən etibarən ermənilərin azərbaycanalılara qarşı təxribatları başlamışdı:

“Onlar sıx yaşadığı ərazilərə azərbaycanlıların giriş-çıxışına əngəl olurdular. Kəndlərin girişinə gözətçilər qoymuşdular. Yalnız rəsmi şəxslərin, yaxud polis əməkdaşlarının həmin yerlərə girişinə imkan verirdilər. Artıq 1988-ci ildə Sumqayıt hadisələri baş verdikdən sonra ümumiyyətlə heç kəsi buraxmadılar”.

V.Zülfüqarov qeyd edib ki, o, Xocalı hadisələrinin də canlı şahidi olub:

“Xocalı işğal olunan gecə mən, Ağdamda idim, oraya yük gətirməyə getmişdim. Xocalı işğal olunduqdan sonra ermənilər artıq Füzuliyə istiqamətləndilər və rayon tədricən işğal edilməyə başladı. Onlar yuxarı kəndlərdən girdiyi üçün biz ilk köçkün düşənlərdən olduq. Mən Ağdamdan qayıdandan sonra artıq ailəmin kənddə olmadığını bildim, onlar Arazboyu kəndlərin birinə köçmüşdülər. Bir müddətdən sonra bu ərazilər də işğal olunduqdan sonra Şamaxıya köç etdik”.

Vaqif Zülfüqarov bildirib ki, o bu günə kimi yaşadığı evin açarlarını saxlayıb və tezliklə evinə qayıdacağı günü gözləyir:

“Ermənilərin dağıtdığı evimin açarını hələ də saxlamışam. Mən və ailəm də daxil olmaqla evimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Hətta xəritədə belə həmin yerlərə ara-sıra girib baxırıq. Füzilinin bərəkətli və torpağı zəngin olduğu üçün insanlar orada sənayə ilə deyil, yalnız mal-qara ilə məşğul olub. Düşünürəm ki, qayıtdıqdan sonra da bu işlər davam edəcək. İnanırıq ki, şanlı ordumuz tezliklə işğal altında olan bütün ərazilərimizi azad edəcək və mənim ailəm kimi qaçqın düşən bütün ailələr də öz evlərinə geri dönəcəklər”.