Home Manşet Prezident İlham Əliyev: Bu qədər silah, bu qədər texnika kasıb Ermənistanda haradandır?

Prezident İlham Əliyev: Bu qədər silah, bu qədər texnika kasıb Ermənistanda haradandır?

303
0
SHARE

Gedən döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq. Mən demişəm, onlar öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib və əlbəttə ki, döyüş zamanı bunun dəqiq hesablaması mümkün deyil. Ancaq gətirəcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Bu, yəni sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?

Bizə bəzi hallarda qarşı iradlar irəli sürülür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli və böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.