Home Cəmiyyət Son günlər yoluxmaların artması həyəcan siqnalıdır – Psixoloq

Son günlər yoluxmaların artması həyəcan siqnalıdır – Psixoloq

314
0
SHARE

Koronavirusa yoluxub məsuliyyətsizcəsinə kütlə arasına çıxan insanlar bilməlidirlər ki, onlar fərqində olmadan düşmənin dəyirmanına su tökürlər. Ordumuzun gücünə güc qatmaq üçün psixoloji humanizm mütləq şəkildə nəzərə alınmalıdır.

Bunu Trend-ə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.

T.Paşayeva əlavə edib ki, son günlər virusa yoluxma hallarının nəzərəçarpacaq dərəcədə artması sözün həqiqi mənasında həyəcan siqnalıdır.

O, virusa yoluxma sayının birdən-birə belə yüksəlməsinin səbəbini daha çox vətəndaşların laqeyd davranışlarının nəticəsi kimi dəyərləndirir:

”Mən düşünürəm ki, bu artımın səbəbi məhz biz insanlarıq. Noyabrın 2-nə qədər karantin müddətinin uzadılması, bəzi məhdudiyyətlərin qoyulması da məhz bu səbəbdəndir. Biz ciddi şəkildə özümüzü, ailəmizi, yaxın çevrəmizi, ümumilikdə cəmiyyəti nəzərə alaraq davranmalı, dövlətin pandemiya şəraitinə yönəlmiş qərarlarına ciddi şəkildə əməl etməliyik”.

T.Paşayeva bildirib ki, yoluxmanın artmasına təsir göstərən digər bir faktor fəsil dəyişməsidir. Adətən yaydan payıza keçid dövründə virus və mikrobların çoxalması, infeksion xəstəliklərin artması müşahidə edilir: “Hər iki halda əsas məsələ şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl etməkdir. Biz adi qriplə birgə yaşamağı necə qəbul ediriksə, COVİD-19-la da yaşamağı öyrənməliyik. Çünki mövcud şərait bunu tələb edir. Amma unutmaq olmaz ki, COVİD-19 bizim “zoğallı, limonlu çay” içməklə sağalda biləcəyimiz bir xəstəlik deyil. Əgər vaxtında qarşısı alınmazsa, deyilənlərə əməl olunmazsa, bu, sonu həyatı itirməklə nəticələnəcək bir xəstəlikdir”.

T.Paşayeva qeyd edib ki, uzun elmi axtarışlara baxmayaraq, hələ COVİD-19 virusunun nə vaksini, nə də müalicəsi tapılmayıb. Dünya alimlərinin araşdırma və təcrübələri davam etsə də, hələ ki, yeganə yol özümüzü və ətrafımızı qorumaqdır:

“İnsanlar gərək həyatın müsbət tərəflərindən ibrət aldıqları kimi, baş verən fəlakətlərdən, cəmiyyətə, topluma təzyiqlərindən də dərs alsınlar. Pandemiya şəraitində yaşamağımız az müddət deyil. İndiyə qədər COVİD-19-un qarşısını alacaq, bu virusa qarşı immun sistemini gücləndirəcək vaksinin tapılmaması da yoluxmaya öz mənfi təsirini göstərir. Təbii olaraq psixoloji gərginlik və həyəcanlar immun sistemini zəiflətməklə nəticələnmir, o, daha ciddi fəsadlara gətirib çıxarır.

T.Paşayeva əlavə edib ki, metro stansiyalarında, ictimai nəqliyyat dayanacaqlarında, ümumən gözümüzün görə biləcəyi hər yerdə virusdan qorunma qaydaları barədə təlimatlar asılıb, küçələrdə davamlı olaraq reklam çarxları insanları qaydalara əməl etməyə çağırır. Yəni dövlət tərəfindən lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülür: “Əgər biz pandemiyanın birinci mərhələsində yalnız virusa qarşı mübarizə aparırdıqsa, indi paralel olaraq daha iyrənc bir virusla – erməni faşizmi ilə vuruşuruq. Deməli, fərd, toplum və cəmiyyət olaraq biz indi ikiqat, üçqat, hətta yüzqat məsuliyyət daşıyırıq. Bu reallığı nəzərə almalıyıq ki, biz hər bir davranışımızla cəbhədə gedən proseslərə, ordumuzun müzəffər yürüşünə kömək etməliyik. Hər birimizin qəlbi bu gün ordumuzla döyünür. Onlar bizi, vətəni qoruyur, torpaqlarımızın hər qarışı uğrunda şəhid qanı axıdılır. Bizim onlara köməyimiz yalnız və yalnız burada, öz evimizdə özümüzü sağlamlığımızı qorumaqdır. Gəlin bir düşünək, əgər biz arxa cəbhədə özümüzü qorumasaq, virusla birgə mübarizə aparmasaq, nəticə nə ola bilər? Təbii ki, xəstəlik sayı günbəgün artar, səhiyyə təşkilatlarımız iki cəbhəyə bölünmək məcburiyyətində qalar. Çünki hər bir vətəndaşın sağlamlığı dövlətimiz üçün önəmlidir”.