Home Manşet BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir

BMT-də ədalətsiz bəyanatın qəbul edilməməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir

396
0
SHARE

Oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ-nın rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiya olan Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçi və hətta məsuliyyət sahibi olan həmsədr ölkələr tərəfindən prinsipial mövqe göstərilməli və TŞ qətnamələrinə istinad da elə onlar tərəfindən təkid və daxil edilməli idi, əksinə həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərildi. Buna baxmayaraq, TŞ-də təmsil olunsalar da əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmayan və münaqişə ilə birbaşa bağlı olmayan Qoşulmama Hərəkatına üzv olan-İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin kimi ölkələr layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Yalnız bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər. Sözügedən ölkələr ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də bir daha onu göstərir ki, Hərəkat beynəlxalq münasibətlər sistemində önəmli faktordur.

Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi atəşkəsə nail olunması, danışıqların aparılması kimi hər zaman olduğu kimi ünvansız, şablon, çeynənmiş fikirlərdən, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətndən ibarət olmaqla məhz özlərinin stilində idi. Həmsədr ölkələr illərdir göstərdikləri mövqelərindən daşınmırlar, yenə də öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. Həmsədrlərin ədalətli, bitərəf, neytral davranmalı və işğalçı ölkə ilə işğala məruz qalan ölkə arasında fərq qoymalı olduqları halda onlar nümayişkəranə işğalçının tərəfini tuturlar.  Bu cür münasibət də Ermənistanı beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına atmağı davam etdirməyə rəvac verdi. Bütün bu ədalətsizliyə baxmayaraq 27 ildir ki, sadə kağız üzərində qalan qətnamələr bu gün qətiyyətli Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusu tərəfindən icra olunur.

Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı isə  Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir. Elə buna görə də baş verənlər Minsk Qrupunun həmsədrlərinə qarşı Azərbaycan cəmiyyətində qıcıq və qəzəb yaradır. Heç çəkinmədən deyə bilərik ki, şura tamamilə mənasız, heç kimə lazım olmayan, işlək mexanizmdən uzaq düşən və pas tutan bir quruma çevrilib.  Bu gün dünyada şura qədər anti-demokratik və çirkin siyasi konyuktura ilə məşğul olan bir qurum yoxdur və bütövlükdə, şura daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri illərlə simasızlıq nümayiş etdirən, müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr yox, məhz Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr olmalıdırlar. Ümumilikdə isə ədalət prizmasından yanaşsaq şuranın daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan olan ölkələr də olmalıdır.

Bütün bunlarla yanaşı, bəzən bir sıra müxalifət nümayəndələri Azərbaycanın Qoşulmama Hərəkatına qoşulmasını, ya da başqa ölkələrə humanitar və maliyyə yardımları etməsi ətrafında yanlış və əsassız mühakimələr yürüdürdülərsə indi onlar başa düşməlidirlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti hər xırda detalına qədər ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Elə bu haqlı səbəbdən də Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Hərəkatın sədri seçildi və dünyanın 130-dan çox ölkəsi Prezident İlham ƏIiyevin Hərəkat ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü dəstəklədi

Şəbnəm HƏSƏNOVA

Politoloq