Prezident İlham Əliyev Qarabağı işğaldan azad etməklə təkcə torpaqlarımızı deyil, həm də tariximizi, milli qürurumuzu özümüzə qaytarır. İlham Əliyev Azərbaycanı terrordan, soyqırımıdan, vətən həsrətindən, məğlubiyyət acısından xilas edir. O, əsl xilaskardır, Azərbaycan tarixində əbədi qalacaq qalib Prezident!
Bütün cəbhələrdə ağır məğlubiyyət: Düşmən son nəfəsini verir
Azərbaycan ordusunun düşməni sülhə məcbur etmə əməliyyatları uğurla davam edir. Bu, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpası uğrunda aparılan şanlı döyüşlərdir. Hər ötən gün yeni ərazilər, yeni kənd və qəsəbələr, əhəmiyyətli strateji yüksəkiliklər işğaldan azad edilir. Bu, Qarabağa şanlı zəfər yürüşüdür. Azərbaycan xalqı, Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə yeni şərəfli tariximizi yazır. Düşmən bütün cəbhələrdə məğlubdur. Həm döyüş meydanlarında, həm də siyasi və diplomatik müstəvidə. İşğalçı Ermənistanın hər gün necə ağır məğlubiyyətlərə uğradığı, inanılmaz itkilərə məruz qaldığı və son nəfəsini verdiyi açıq-aydın göz önündədir. Ordumuz düşməni taqətdən salıb, işğalçı ordu Azərbaycan əsgərinin öldürücü gücü qarşısında duruş gətirə bilmir və sürətlə qaçır.
Ermənistan informasiya cəbhəsində də Azərbaycana uduzur. Bu sahədəki qələbələrimiz də əlbəttə ki, Prezident İlham Əliyevin müstəsna xidmətləri və xüsusi ustalıqla apardığı təbliğat nəticəsində mümkün olub. İlham Əliyev demək olar ki, hər gün xarici televiziya kanallarına, nüfuzlu informasiya agentliklərinə geniş müashibələr verir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin milli maraqlarından irəli gələn qətiyyətli mövqe ortaya qoyur. Prezident İlham Əliyev həmişə olduğu kimi Ermənistanın əsl siamsını ifşa edir, bu dövlətin terrorçu mahiyyətini real faktlarla beynəlxalq aləmə göstərir. İnformasiya və diplomatiya cəbhəsində aparılan bu uğurlu siyasətin nətciəsidir ki, artıq bütün dünya Ermənistanın işğalçı və terroçu dövlət olduğunu görür.
Dəqiq hədəf, unikal çağırış, uğurlu nəticə
Xüsusilə də, Birinci vitse-prezident Mehriban Əliyevanın bir müddət öncə Azərbaycan ictimaiyyətinə ünvanladığı “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanlarında, həm də kompüter qarşısında” çağırışı bu gün öz effektini göstərir. Təsadüfi deyil ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu günlərdə Trend İnformasiya Agentliyinə verdiyi müsahibədə gənclərimizin, vətəndaşlarımızın erməni feyk xəbərlərini necə işfa etdiklərini, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində uğurlu fəaliyyətini yüksək qiymətləndirib. Bu gün Azərbaycan gəncliyi – hansı ki, uzun illərdir Prezident İlham Əliyevin düzgün siyasəti, diqqət və qayğısı, birinci xanım Mehriban Əliyevanın dəyərli tövsiyələri əhatəsində yetişən vətənpərvər nəsil ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında həqiqətən də böyük rol oynayır.
Ermənistan üçün yolun sonu: Paşinyan xalqını uçuruma aparır
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ləyaqətli müharibə aparır, ordumuz müharibə qanunlarına tam məsuliyyətlə əməl edir, insanlıqdan kənar heç bir addım atılmır. Azərbaycan yalnız öz tarixi torpaqlarını işğalçılardan təmizləyir, terrorçuluğun və soyqırımı siyasətinin kökünü kəsir. Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə bir dənə də olsun ev və ya mülki binaya zərbə endirilməyib. Baxmayaraq ki, bu yaşayış məntəqələri erməni terorçu hərbi birləşmələrinin yaxınlığında yerləşir, ordumuz olduqca peşəkarlıq və dəqiqlik göstərərək yalnız hərbi obyektləri zərərsizləşdirib, amma mülki ermənilər bundan ziyan çəkməyib.
Azərbaycan ordusu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri icra edir. Prezident İlham Əliyev Ermənistana bir neçə dəfə şans verməklə əslində Azərbaycanın sülhsevər niyyətini nümayiş etdirib. Əlbəttə ki, dünyada sülhə və təhlükəsizliyə daimi töhvələr verən İlham Əliyev müharibənin, qan tökülməsinin, insan itkilərinin qəti əleyhinədir. Lakin, biz nə qədər sülh istəyiriksə, bir o qədər də işğalçıların torpaqlarımızdan dərhal çıxmasını tələb edirik. Ermənsitan isə nəinki bu şərtlərə əməl edir, əksinə, yeni hücumlar törədir, işğalı davam etdirir və qanlı müharibə cinayətləri törədir. Əgər, Paşinyan hökuməti dünənə kimi sülh istədiyini bəyan edərək yalvarırdısa, artıq son günlər erməni baş nazir real simasını, əsl mahiyyətini ortaya qoydu. Paşinyan danışıqlardan imtina etdiyini və müharibə tərəfdarı olduğunu açıq-aydın bildirdi. Bu bəyanat Ermənistan dövlətinin işğalçılıq siyasətinin, sülhə və təhlükəsizliyə nə qədər böyük təhdid olduğunun bariz nümunəsidir. Bu yolun sonu yoxdur. Ermənsitan uçurumun düz qırağındadır. Paşinyan ölkəsini və xalqını məhvə aparır.
Uğursuz cəhdlər, son çırpıntılar
Paşinyan hakimiyyətə gələrkən xalqa firəvan həyat, xoşbəxt gələcək vəd edirdi. Bəs reallıqda nə oldu? Vəziyyət ortadadır. Ermənistan acınacaqlı, iflic, məğlub durumdadır. Bütün bu acı taleyi erməni xalqına ölkənin hərbi-siyasi rəhbərliyi yaşadır. Paşinyan müharibə istəyir. Amma eyni zamanda dünya liderlərindən, beynəlxalq təşkilatlardan imdad dilənir. Bu dəfə Avropadan, NATO-dan. Bu uğursuz cəhdlər düşmənin son çırpıntılarıdır. İşğalçıya artıq heç kim, heç bir qurum kömək göstərmir, havadarlıq etmir. Çünki, Ermənistan dünyada özünü çoxdan ifşa edib. Düşmən bütün cəbhələrdə tək qalıb. Çünki haqqsızdır, işğalçıdır, terroçudur, region üçün çox ciddi təhlükədir. Bunu beynəlxalq aləm anlayır və qəbul edir. Əgər işğalçı ölkə öz mənfur siyasətindən əl çəkmirsə, demək son sözü yenə ordumuz deyəcək. Azərbaycan ordusu növbəti günlərdə yeni, bu dəfə daha öldürücü zərbələri ilə Paşinyanı və bütövlükdə Ermənistanı tam peşman edəcək.
İlham Əliyev işğalın, terrorun dəhşətli izini Qarabağdan birdəfəlik silib atır
Azərbaycan dünyaya birlik, həmrəylik, vəhdət, yüksək vətənpərvərlik, inanılmaz döyüş ruhu nümayiş etdirir. Prezident İlham Əliyevin xalqı ilə bərabər yazdığı bu şərəfli tarix dünya üçün bir nümunə, işğalçı və terrorçu qüvvələrə isə layiqli dərsdir. Bu əvəzssiz anları, tariximizdə heç vaxt görünməyən möhtəşəm qələbə sevincini, Azərbaycan xalqına bənzərsiz fəxr və qürur hissini Prezident İlham Əliyev bəxş edir. İlham Əliyev verdiyi sözə əməl edən, vətəndaşının maraqlarını hər şeydən üstün tutan liderdir. Əgər Azərbaycan Prezidenti öz xalqına, məcburi köçkünlərə torpaqlarımızın azad ediləcəyini, onların doğma torpaqlarına qovuşacağını söz vermişdisə, bunu öz gücünə güvənərək etmişdi. Budur, tarix İlham Əliyevin haqqlı olduğunu, xalqına verdiyi sözə əməl etdiyini göstərir. Etiraf edək ki, Qarabağ kimi olduqca çətin bir düyünün açılmasını, işğalçı Ermənistanın diz çökdürülməsini yalnız İlham Əliyev kimi qətiyyətli lider, prinsipial dövlət başçısı bacara bilərdi. Bu gün hamı – bütün Azərbaycan bir nəfər kimi Prezidentinin arxasındadır. Uşaqdan böyüyə kimi hamının dilində yalnız bu kəlmələr var: İlham Əliyev, Qarabağ və Qələbə. Azərbaycanı güclü və qüdrətli, xalqımızı bir və həmrəy edən əsas amil inamdır, Prezidentinə, dövlətinə və ordusuna olan tükənməz inam.
Böyük qayıdış: Sülhün və təhlükəsizliyin gətirəcəyi yeni həyat
Azərbaycan dövləti işğaldan azad edilən torpaqlarımızda tezliklə abadlıq-quruculuq işlərinə başlayacaq. Ölkədə yeni tikinti bumu başlayacaq. Prezident İlham Əliyev ötən illərdə ölkəmizin hər guşəsini necə müasirləşdirmişdisə, 30 ildir işğal altında xarabalığa çevrilən hər qarış torpağımıza da eyni templə həyat verəcək. Qarabağın bütün şəhər, qəsəbə və kəndi tamamilə yenidən – sıfırdan tikiləcək və qurulacaq. Yeni və müasir infrastruktur, kilometrlərlə yollar, işıq, qaz, su xəttləri, məktəblər, sosial-mədəni obyektlər inşa ediləcək, parklar, xiyabanlar salınacaq. Qarabağın dəyişən möhtəşəm siması dünyaya tanıdılacaq. İlham Əliyev işğalın, etnik təmizləmənin, terrorun, yandırılmış ərazilərin dəhşətli izlərini bu torpaqlardan tamamilə silib atacaq. Bölgəyə, xüsusilə də doğma Qarabağa daimi sülh və təhlükəsizlik, rifah, yeni həyat gətiriləcək. Prezident İlham Əliyevin tapşırığı ilə artıq Tərtərin işğaldan azad edilən Suqovuşan və Talış kəndlərinə yeni yolların çəkilişinə başlanılıb. Bu yol Qarabağa böyük qayışıdışın müqəddəs simvolu, başlanğıc nöqtəsi olacaq. Bu yol, İlham Əliyevin qələbə, zəfər yoludur.
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə həm də tariximizi, qədim mədəniyyət və memarlıq abidələrimizi xilas edir. Terrorçu ermənilərin uzun illərdir milli irsimizə qarşı törətdiyi vandalizm aktlarına son verilir. Tarixi Azərbaycan abidəsi olan Xudafərin körpüsünə üçrəngli bayrağımızın sancılması bu xilasın, tarixi ədalətin bərpasının ən böyük rəmzlərindən biridir. Şübhə yoxdur ki, işğaldan azad edilən ərazilərdəki bütün mədəni abidlərimiz tezliklə tam bərpa ediləcək və xalqımızın ixtiyarına veriləcək. Prezident İlham Əliyev Qarabağı Azərbaycanın ən inkişaf etmiş bölgəsinə çevirəcək. Bütün Azərbaycan tam qələbəyə inandığı kimi buna qətiyyən şübhə etmir. Çünki, İlham Əliyev sözü ilə əməli bir olan liderdir.
Sahil Kərimli
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini