Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.
Trend xəbər verir ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.
Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin tarixi köklərindən danışan bələdiyyə sədri Mustafa Dündar Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edərək əminliklə vurğulayıb ki, işğal altındakı torpaqlarımızın tam şəkildə azad olunacağı gün çox yaxındadır. Türkiyə tarixin bütün dövrlərində olduğu kimi, yenə də Azərbaycanın yanındadır.
General Polad Həşomovun adının əbədiləşdirilməsi ilə bağlı qəbul olunmuş qərara görə minnətdarlığını bildirən səfirliyin müşaviri Ruslan Abdullayev diqqətə çatdırıb ki, Türkiyə tərəfindən göstərilən siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb.
Çıxışlarda general Polad Həşimovun rəşadətli ömür yolu və onun timsalında bütün hərbçilərimizin göstərdiyi qəhrəmanlıq yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın birgə inkişafına təkan verib, dövlətlərimizin gücünü artırıb. Əminliklə qeyd olunub ki, Azərbaycanın işğal altındakı torpaqları tezliklə tam şəkildə azad olunacaq, dövlət bayraqlarımız Qarabağın hər bir guşəsinə əzəmət verəcək.
Qeyd edək ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.