Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq.
Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, son zamanlar Ermənistan tərəfindən saxta videolar, feyk məlumatlar yayılır. Belə təxribat xarakterli məlumatlardan biri də guya Azərbaycan tərəfdən qadağan olunmuş fosfor tərkibli döyüş sursatlarından istifadə edilməsi ilə bağlıdır:
“Ermənistan tərəfinin bu kimi saxta məlumatları yaymaqda, mülki əhalini öldürməkdə məqsədi bəllidir. Bu gün Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu, açıq şəkildə görünür. Əsas məqsəd üçüncü tərəfləri bu münaqişəyə cəlb etməkdir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, ölkəmizin xarici dövlətlərin ərazisinə qarşı hər hansı iddiası yoxdur. Bu gün Azərbaycan öz suveren torpaqlarında, öz ərazimizdə qeyri-qanuni saxlanılan Ermənistan silahlı qüvvələrinə qarşı özünümüdafiə tədbirləri həyata keçirir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünün təmini üçün addımlar atır”.
XİN rəsmisi qeyd edib ki, Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq. Onun sözlərinə görə, Azərbaycanın bütün qonşu dövlətlər ilə dostluq münasibətləri var: “Biz digər dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Ərazi bütövlüyünə hörmət bizim üçün əsasdır. Azərbaycanın da ərazi bütövlüyünün tanınmasını digər dövlətlərdən tələb edirik”.
L.Abdullayeva əlavə edib ki, Ermənistan tərəfindən təhvil alınmış 85 yaşlı Ermənistan vətəndaşı Yevgeni Babayana qarşı sonradan fiziki təzyiqlər göstərilib: “Y.Babayan sağlamlıq durumunun yaxşı olmamasına, yaşının çox olmasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib. Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”.