Home Manşet Tamam Cəfərova: Minsk qrupu özünü doğrultmadı…

Tamam Cəfərova: Minsk qrupu özünü doğrultmadı…

379
0
SHARE

Praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. “Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Bu fikirlər bu gün Cənab Prezidentin Tvitter hesabında öz əksini tapıb. 28 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bir çox suallarla yanaşı ATƏT-in Minsk qrupunun fəaliyyəti və onun formatının dəyişdirilməsi perspektivilə bağlı sualları da çox geniş cavablandırdı və birmənalı olaraq bildirdi ki, Minsk qrupu özünü doğrultmadı. Bu bir ay ərzində Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışdığını və Azərbaycan xalqına müraciətində də Minsk qrupunun fəaliyyətilə bağlı həqiqətləri xalqa çatdırdığını vurğulayan ölkə başçımız bildirdi ki, “…hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam.Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur”.

Bu sözləri Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsini şərh edərkən deyib.

Millət vəkili qeyd etdi ki, Cənab Prezident həmçinin, Minsk qrupunun formatının dəyişdirilməsi perspektivi və Prezident Putinin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünlüyü ilə bağlı məsələlərə də münasibət bildirib. “Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu”.

Həmsədr ölkələrin Ermənistana qarşı siyasi təzyiq göstərmələrınin, təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona sanksiyalar tətbiq edilməsinin vacibliyini viurğulayan Prezident İlham Əliyev bildirib ki, “mən bu barədə çoxdan danışıram. Lakin təəssüf ki, mənim çağırışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. …Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, – hələ gec deyil, – sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.”

Millət vəkilinin fikincə, yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində Küveytin işğalı dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, Hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Cənab Prezidentin dediyi kimi, “vasitəçi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir”.