Azərbaycan teleməkanında barmaqla sayılası qədər aparıcılarımız var ki, tamaşaçı onun sözünə, sözünün dəqiliyinə, ciddiyyətinə inanır. Bugünkü qonağımız İctimai Televiziya və Radio Yayımlar şirkətinin sevilən siması olan Nigar Sabirqızı kimi. Belə ki, müsahibimiz efirdə səsləndirdiyi hər bir kəlməsini ustalıqla seçən və sözünün əri olan aparıcılardandır. Onunla bugünlərdə ölkədə və dünyada baş verən ən son proseslərdən danışdıq.
Nigar Sabirqızı bizimlə söhbətdə uşaqlıq illərini xatırladı. Orada keçirdiyi uşaqlıq xatirələrinə birlikdə səyahət etdik. Müsahibim Kəlbəcərin işğalından sonra atasının qəbrinə bir parça vətən torpağı aparacağı günü səbirsizlik gözləyir.
– Hər bir aparıcının, media nümayəndəsinin arzusu qələbə xəbərinin müjdəçisi olmaqdır. O arzuya toxunmaq, zəfər xəbərlərini tamaşaçı ilə bölüşmək necə bir hissdir?
– Ümumiyyətlə, hər bir aparıcı efirə çıxdığı zaman tamaşaçıya operativ, obyektiv və xoş xəbərlər çatdırmağı arzulayır. Amma biz elə bir peşəyə sahibik ki, həyatın bütün məqamlarını bu və digər şəkildə yaşayırıq. Mənim uşaqlığım 20 yanvar faciəsinin, Xocalı soyqırımının yaşandığı illərə təsadüf edib. Yəni, mən bütün bu və digər hadisələrin yaratdığı sarsıntılarla böyümüşəm. Yaşım çox olmasa da, hər gün hansısa rayonun işğal edildiyini eşidəndə dərk etdiyim qədər məyusluq keçirmişəm. Mənim atam əslən Kəlbəcərdən idi. Məktəb illərimdə bütün yay təillərim Qarabağda keçib. Kəlbəcər işğal edildikdən sonra mən illərlə atamın necə doğma torpağın həsrətini çəkdiyini müşahidə etmişəm. Bütün bunlardan sonra indi həmin ağrı-acını bizə yaşadan düşmənlə mübarizə apararaq qalib gəlməyimiz, bunun verdiyi qürur, haqqın qələbə çalmasının məndə hansı hisslər yaratdığını sözlə ifadə etmək mümkün deyil. Bu gün atam həyatda deyil. Amma Kəlbəcərin işğaldan azad olunacağı günün yaxınlaşması məni çox həyəcanlandırır. İnşallah yaxın günlərdə bu xəbəri eşidəcəyimə inanıram. Həmin xəbəri tamaşaçılarla bölüşəcəyim günü səbirsizliklə gözləyirəm. İnanın ki, hər dəfə hansısa yaşayış məntəqəsinin işğaldan azad edildiyi xəbərindən sonra efirə çıxaraq Azərbaycan Ordsunun şanlı zəfərindən danışmaq çox qürurvericidir. İnanıramki, mən həmin an hansı hissləri keçirirəmsə, tamaşaçıya da onu ötürürəm. Bu mənada düşünürəm ki, əgər bu gün mən ölkəmizin çətin, amma eyni zamanda məsuliyyətli və qürurlu günündə Vətənə öz işimlə xidmət edə bilirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir.
– 30 ildə işğal olunan torpaqlar, orda əsir düşənlər, dünyasını dəyişənlər, torpaqlarından məcbur çıxarılanlar…. Çətin, əzablı bir yol keçdik. Hər dəfə işğaldan azad olunan torpaqlarımızın adını qeyd etdikdə o səhnələr kadrlar gözünüzün önündən keçirmi? Hansı hissləri yaşayırsınız?
– Əlbəttə. Məncə o kadrlar heç kimin yaddaşından silinməyib. Mən hər dəfə o kadrlara baxanda düşünürdüm ki, hər şeydən xəbərsiz anasının qucağında olan bu körpə indi böyüyüb, yaxud vertolyota mindirilən bu ahıl bəlkə də artıq dünyasını dəyişib, bu gənc indi ev-eşik sahibidir və sair. Bunları unutmaq mümkün deyil. İndi həmin insanların necə sevincli olduqlarını düşünürəm. Hər qələbə xəbəri gələndə gözlərimin önündə Kəlbəcərdə keçirdiyimiz günlər canlanır. Tezliklə oralara gedəcəyimi, o yerləri yenidən görəcəyimi xəyal edirəm.
– Bu gün ölkədəki ab-hava, aura sizi qane edirmi?
– Ab-hava tam qane edir. Düzünü deyim ki, biz illərdir ki, bu cür ab-havaya ac idik. Bu gün yaşından, cinsindən, siyasi baxışından asılı olmayaraq hər kəsin ürəyi Qarabağ üçün döyünür. Sən demə, bizə qələbə lazım imiş ki, içimizdəki vətən, millət sevgisini göstərə bilək. Bu gün hamının üzündə təbəssüm var, eyvanları, maşınları Azərbaycan bayraqları bəzəyir, binaların üzərində nəhəng Azərbaycan bayraqları aslıb. Bu mənzərəni görəndə necə qürur hissi keçirməyəsən? Azərbaycanlı olduğunla necə fəxr etməyəsən?
– Bir media nümayəndəsi olaraq bizim bu günkü məsuliyyətimiz nədən ibarət olmalıdır?
– Bu gün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz dediyimiz hər bir sözə, yazdığımız hər cümləyə görə məsuliyyət daşıyırıq. Çünki bizim dediyimizi, yazdığımızı minlərlə insan izləyir və oxuyur. Və bu insanlar bizə inanır. Ona görə də min ölçüb, bir biçməliyik. Düşünmədən elə bir söz deyə və ya yaza bilərik ki, bu, izləyici, oxucu tərəfindən səhv başa düşülə bilər. Biz insanları yanlış istiqamətləndirə bilərik. Həm də unutmaq olmaz ki, bu gün bizi yalnız ölkəmizdə yox, bütün dünyada izləyirlər. Xüsusilə düşmənlərimiz. Ona görə də maksimum diqqətli olmalıyıq. Xüsusilə sosial şəbəkələrdə. Emosiyalara, həyəcana qapılıb yanlış informasiya və ya video yaymamalıyıq. Mən ümumiyyətlə cəbhə xətti ilə, əsgərlərimizlə bağlı yayılan videoların, qeyri-rəsmi məlumatların əleyhinəyəm. Bununla bağlı dəfələrlə dövlət orqanları xəbərdarlıq da edib. Amma təəsssüf ki, hələ də bəzən bu cür xəbərə və ya videolara rast gəlirik. Bunu bir jurnalist edəndə təəccüblənməyə bilmirəm. Axı, sən bununla düşmənin xeyrinə nəsə edə bilərsən. Bunları cciddi düşünmək lazımdır. Minlərlə baxış sayı və ya çoxlu izləyici toplamaq eşqinə bu cür hallara yol vermək qəbuledilməzdir. Peşəkar jurnalist populizmdən uzaq olmalıdır. O belə vaxtlarda yalnız rəsmi xəbərlə işləməlidir, söz oyunundan, dezinformasiyadan uzaq durmalıdır.
– Bugünü təsəvvürünüzdə necə canlandırırdınız?
-Çətin sualdır. Düşünün ki, 30 ildir həllini tapa bilməyən bir münaqişə var. Bu qədər vaxtdan sonra bu məsələnin tezliklə həll ediləcəyinə ümid edə bilərsənmi? Təbii ki, bir gün mütləq ədalətin qalib gələcəyinə inanmışam. Çünki mən həyatda nə olursa-olsun, haqq-ədalətin bir gün mütləq qalib gələcəyinə inanan adamam. Bu məsələnin də bir gün həll ediləcəyinə inanmışam. Amma bunun, deyək ki, sabah olacağını təsəvvürümdə canlandırmamışam. Allaha şükürlər olsun ki, bu günləri bizə yaşatdı. Artıq indi daha gözəl günlərin bizi gözlədiyini bilirəm. İndi təsəvvürümdə insanların öz doğma torpaqlarına qaydacağını, viran qoyulan cənnət guşəmizin yenidən gülüstana çevriləcəyini, həmin yerlərdən verilişlər hazırlayacağımızı, yay tətillərimizi artıq Qarabağda keçirəcəyimizi canlandırıram.
– Sizə elə gəlmirmi ki belə günlərdə efirdə daha çox peşəkar, sözünü demiş, ixtisaslaşmış kadrlar daha çox görünməlidir? Çünki Qarabağ elə bir mövzudur ki, burada yalnışlığa yol vermək mümkünsüzdür.
– Təbii ki, bu belə olmalıdır. Ümumiyyətlə, yalnız indi yox, hər zaman efirlərdə peşəkarlar olmalıdır. İstər aparıcı, istər çağırılan qonaqlar. İndiki dövrdə isə buna xüsusi yanaşmaq lazımdır. Bayaq dediyim kimi, indi hər sözümüzə, hərəkətimizə xüsusi diqqət etməliyik. Düşünürəm ki, bu günlərdə efirlərdə ictimai-siyasi proseslərdən anlayışı olan, dediyi sözün məsuliyyətini dərk edənlər olmalıdır. Hər kəsin öz sahəsi var. Siyasi sahədən uzaq olan populyar aparıcını və ya qonağı efirə çıxarmaq olmaz. İndi reytinq yox, məsuliyyət vaxtıdır. Biz İctimai Televiziyada hər zaman bu nüanslara diqqət edirik. Bizim efirdə peşəkar aparıcılardır. Sevindirici həm də odur ki, tamaşaçı bizə inanır və hər xəbər saatında, müzakirə vaxtında bizə sarı gəlir.
– Qarabağ tam azad olunduqdan sonra nə edəcəksiniz? İlkin olaraq hara gedəcəksiniz?
– Qarabağ tam azad olunduqdan sonra əvvəlcə bu möhtəşəm qələbəni hər bir azərbaycanlı kimi yaşayacam. Yəqinki, biz bu qələbəni hələ uzun müddət qeyd edəcəyik, onun təsirində olacağıq. Arzum aparıcısı olduğum “Diqqət Mərkəzi” və “Diqqət Mərkəzi Yekun” verilişlərini Qarabağdan hazırlamaqdır. Bir qarabağlı kimi isə uşaqlıq xatirələrimi canlandırmaq, atamın ruhunu şad etmək üçün ilk olaraq Kəlbəcərə getməyi, o yerləri bir daha görməyi, Kəlbəcərdən atamın məzarı üçün bir ovuc torpaq gətirməyi düşünürəm. Bu arzularımın həyata keçməsinə lap az qalıb.
– Vyanada 10 nəfər öldü, dünyanın gözü o tərəfə döndü. Amma Türkiyədə zəlzələdə insanlar ölür, Bərdədə, Tərtərdə terror yaşanır, dünya buna laqeyd yanaşır. Sizcə bunun səbəbi nədir?
– Bu, beynəlxalq birliyin bəzi məsələlərə ədalətsiz yanaşmasının daha bir göstəricisidir. Əslində 30 ildir Ermənistanın cinayətlərinə, 1 milyon qaçqınımızın hüquqlarının tapdanmasına göz yuman, Azərbaycanın haqq işini görməzdən gələn beynəlxalq birlikdən indi ədalət gözləməyə dəyməz. Bu gün ədaləti biz özümüz təmin edirik. Təbii ki, harada törədilməsindən asılı olmayaraq, terror pislənilməlidir. Biz Vyanada baş verənləri pisləyiriksə, dünya da Azərbaycanda və ya Türkiyədə baş verənlərə laqeyd yanaşmamalıdır. Dünyanın erməni terroruna göz yummasının əsas səbəbi bizim müsəlman olmağımızdır. Bu gün dünyada xristian həmrəyliyi var. Bu ölkələr haqlı oldu-olmadı hər zaman bir-birlərini dəstəkləyirlər. Amma bizə münasibətdə təəssüf ki, çox vaxt ədalətsizliklə qarşılaşırıq. Düşünrəm ki, dinindən asılı olmayaraq, əgər insan Allaha inanırsa, o zaman haqqın tərəfində olmalıdır.
Xəyalə Məmmədova