Home Manşet Prezident İlham Əliyev: Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların...

Prezident İlham Əliyev: Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək

308
0
SHARE

Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.