Home Manşet Türkdilli ölkələrin ombudsmanlarının onlayn iclası keçirilib (FOTO)

Türkdilli ölkələrin ombudsmanlarının onlayn iclası keçirilib (FOTO)

271
0
SHARE

Noyabrın 4-də türkdilli ölkələrin ombudsmanlarının onlayn iclası keçirilib. İclasda Azərbaycanın, Turkiyənin, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın və Şimali Kipr Türk Respublikasının ombudsmanları iştirak ediblər.

Ombudsman Aparatından Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iclasda məruzə ilə çıxış edib. O, öncə Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həyatlarını itirənlərin yaxınlarına başsağlığı, yaralananlara isə şəfa diləyərək onların tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzu etdiyini bildirib.

Daha sonra Müvəkkil Türkdilli Ölkələrin Ombudsmanlar Assosiasiyasının yaradılmasının insan hüquqlarının səmərəli müdafiəsi, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edərək, belə bir birliyin yaradılmasında Azərbaycan Ombudsmanı olaraq lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

S.Əliyeva Azərbaycan Ombudsman institutunun Beynəlxalq Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin də fəal üzvü olaraq əməkdaşlıq əlaqələrini davam etdirdiyini bildirib.

Müvəkkil COVID-19 pandemiyası ilə bağlı BMT-nin xüsusi məruzəçilərinin bəyanatlarını yaxından izlədiyini, əhalinin həssas qruplarının hüquqlarının təmin edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanan tövsiyələri ehtiva edən çağırışlar yayımladığını iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, mövcud pandemiya ilə əlaqədar Ombudsman təsisatında insanların qəbulunun müvəqqəti dayandırılmasına baxmayaraq, ərizə və müraciətlər e-mail, onlayn müraciət, telefon, faks və sosial şəbəkələr vasitəsilə qəbul edilir.

Müvəkkil, həmçinin 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Füzuli rayonunun Horadiz şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Cəbrayıl, Xızı, Abşeron rayonlarını, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, hücuma məruz qalan rayonlarda Müvəkkil tərəfindən 5 faktaraşdırıcı missiya həyata keçirib, mülki əhalinin qətlə yetirilməsi, yaralanması və mülki infrastruktura dəyən ziyanla bağlı 7 bəyanat, 2 çağırış və 5 aralıq hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərilib.

S.Əliyeva, həmçinin onun dəvəti ilə Azərbaycana gələrək Gəncə şəhərində mülki şəxslərə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən edilən raket hücumları nəticəsində baş verən insan təlafatı ilə bağlı yerində araşdırma aparan Türkiyə Baş Ombudsmanına təşəkkür edib. O, qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini heçə sayaraq 30 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan regionda sülhün bərqərar olmasına real maneədir və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır.

S.Əliyeva Ermənistanın mülki əhaliyə qarşı törətdiyi nəticələrini yerində görüb araşdırmaq məqsədilə Türkdilli ölkələrin ombudsmanlarını Azərbaycana dəvət edib.

Tədbir iştirakçıları Müvəkkilin qaldırdığı məsələlərin əhəmiyyətini qeyd edərək Azərbaycan torpaqlarının işğaldan tezliklə azad olunacağına və insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulacağına ümid etdikərini bildiriblər.

Daha sonra tədbir digər məsələlərin müzakirəsi ilə öz işinə davam edib.