Home Manşet Yaponiya Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında həll olunacağına inanır (FOTO)

Yaponiya Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında həll olunacağına inanır (FOTO)

325
0
SHARE

Noyabrın 4-də ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, komitə sədri Bahar Muradova Azərbaycan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin faydalı əməkdaşlıq şəraitində qurulduğunu və bu münasibətlərin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, hər iki ölkənin rəhbərləri, parlamentləri, həmçinin cəmiyyətləri səviyyəsində ikitərəfli əməkdaşlığa əsaslanan münasibətlərin olduğunu bildirib.

Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən B.Muradova bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərlərini atəşə tutması və mülki əhalini hədəf seçməsi insan hüquqlarının pozulmasıdır. Komitə sədri ölkəmizdə ailələrin, xüsusən qadınların, uşaqların münaqişədən əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, münaqişənin davam etdiyi müddətdə 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ailə başçısını itirən ailələr və valideynlərini itirən uşaqların olub. Diqqətə çatdırılıb ki, torpaqlarımız azad edildikdən sonra öz evlərinə qayıdacaq insanlar üçün yaşayışın təmin edilməsi dövlətimizin qarşısında duran əsas məsələdir. Bildirilib ki, Komitə hazırda zərərçəkmiş şəxslərin psixo-sosial problemlərinin həlli ilə məşğul olur, lakin sonrakı mərhələdə azad olunmuş torpaqlarda yenidənqurma işlərinin aparılması vacibdir. Müharibə, eyni zamanda, pandemiyanın uşaqların təhsil imkanlarının məhdudlaşdırılmasına səbəb olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, onlara bu istiqamətdə dəstəyin göstərilməsi vacib məsələdir.

Səmimi qəbul üçün təşəkkürünü ifadə edən səfir Vada Cüniçi münaqişə ilə əlaqədar təkcə Yaponiya hökumətinin deyil, eləcə də bütün Yaponiya xalqının narahatlıq keçirdiyini, xüsusilə də mülki əhalinin həyatlarını itirməsinin onları kədərləndirdiyini bildirib, həlak olanların ailələrinə başsağlığı verib. Yaponiya üçün beynəlxalq sənədlərin əsas götürüldüyünü qeyd edən diplomat Azərbaycan ilə Ermənistan arasındakı bu münaqişənin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll olunacağına inandığını bildirib.

O, Azərbaycan ilə Yaponiya arasında ikitərəfli diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunmasının gələcək əməkdaşlığın genişlənməsinə şərait yaradacağını vurğulayıb. Səfir sosial və iqtisadi sahələr üzrə Azərbaycanda reallaşdırılan layihələrin əhəmiyyətini edib, ailə məsələləri, qadınların müxtəlif istiqamətlərdə fəaliyyətinin artırılması sahəsində Komitə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.