Home Manşet Baş nazir Əli Əsədov MDB-nin iclasında Ermənistan nümayəndəsini çətin vəziyyətə saldı

Baş nazir Əli Əsədov MDB-nin iclasında Ermənistan nümayəndəsini çətin vəziyyətə saldı

274
0
SHARE

Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda iştirak edib.

Trend-in məlumatına görə, MDB hökumət başçıları üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə, xüsusən də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclasda çıxış edib və Ermənistan nümayəndəsini çətin vəziyyətə salıb.

Baş Nazir Əli Əsədov çıxışında bildirib:

“İlk öncə Azərbaycan Respublikası adından və şəxsən öz adımdan sizi, eləcə də MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayır, bugünkü iclasın təşəbbüskarı – MDB Hökumət Başçıları Şurasının sədri Abdulla Nigmatoviçə minnətdarlığımı bildirirəm.

Bugünkü iclasın gündəliyi iqtisadi və humanitar əməkdaşlıq da daxil olmaqla bir çox məsələlərin müzakirəsini nəzərdə tutur. Bu gün nəzərdən keçirilən sənədlərdən biri də iqtisadiyyatın və ticari-iqtisadi əməkdaşlığın inkişafına, yeni infrastruktur layihələrinin hazırlanmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasının inkişafına, elmi, texniki və təhsil potensialının reallaşmasına yönəlmiş 2030-cu ilədək dövr üçün MDB İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinə dair Fəaliyyət Planıdır.

Azərbaycan MDB-yə üzv dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafında maraqlıdır. Ancaq qeyd etmək lazımdır ki, Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. İşğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından istifadə etməklə intensiv atəşə tutmuş, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərimiz olmuşdur. Beynəlxalq hüquqa, xüsusən özünümüdafiə hüququna əsaslanaraq Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazilərində əks-hücum əməliyyatına başlamışdır. Əks-hücum əməliyyatı nəticəsində bugünədək 4 şəhər, 3 qəsəbə, habelə 200-dən çox yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

İşğal olunmuş ərazilər azad edildikcə, işğal altındakı Azərbaycan torpaqlarına qarşı barbar münasibəti sübut edən getdikcə daha çox yeni faktlar üzə çıxır. Beynəlxalq ekspertləri cəlb etməklə foto və video materiallar, həmçinin digər maddi sübutlar əsasında biz işğal olunan ərazilərdə inventarlaşma və zərərin qiymətləndirilməsi işlərini aparacağıq.

Son hadisələr başlamazdan əvvəl Azərbaycan bir neçə dəfə Ermənistanın Azərbaycana qarşı yeni müharibə başlamaq niyyəti barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir. Müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə, həmçinin BMT tribunasından çıxışı zamanı Azərbaycan Prezidenti təcavüzkar dövlətin dayandırılmasının zəruriliyini bildirmişdir. MDB Hökumət Başçıları Şurasının 29 may tarixində keçirilmiş iclasında mən münaqişənin təxirəsalınmadan həll edilməsi üçün müraciət etmişdim. Ancaq təəssüf ki, bizim çağırış və müraciətlərimiz eşidilmədi.

2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır. Ermənistan Baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə” deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin dövlət başçılarının işğal olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına baxmayaraq Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi status-kvonun saxlanılmasıdır.

Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə Xarici İşlər nazirlərinin Moskva Bəyannaməsinin qəbul edilməsindən cəmi bir gün sonra – oktyabrın 11 gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.

Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları kimi qadağan olunmuş silah-sursat növlərindən istifadə edərək, Azərbaycanın cəbhə bölgələrini davamlı top atəşi altında saxlamağa davam edir. Döyüş bölgəsindən kənarda yerləşən bölgələrə də raket zərbələri endirilmişdir.

Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki infrastruktur obyekti, o cümlədən çox sayda məktəb və uşaq bağçası dağıdılmış və zədələnmişdir. Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalmışdır.

Sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olmuş, 404 mülki şəxs yaralanmışdır.

Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanmışdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın silahlı qüvvələri mülki əhaliyə və mülki obyektlərə hücum etmir, yalnız legitim hərbi hədəfləri məhv edir.

Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistanın hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq.

Bizə və ümid edirəm ki, iclasda iştirak edən hər kəsə aydındır ki, öz ərazisindən münaqişə zonasından kənarda yerləşən Azərbaycan şəhərlərini atəşə tutmaqla Ermənistan Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri münaqişəyə cəlb etməyə və hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır.

Bir daha vurğulamaq istərdim ki, döyüş əməliyyatları Ermənistan ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisində aparılır.

Onu da qeyd etmək istərdim ki, mülki aviasiyadan istifadə etməklə Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülmək üçün Ermənistana qaçaqmalçılıq yolu ilə silah təchizatı həyata keçirilir. Bu cür qanunsuz hərəkətlər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Bundan əlavə Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən muzdlular Ermənistana aparılır.

Oktyabrın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Azərbaycan münaqişə zonasında həlak olmuş 30-a yaxın erməni əsgər və zabitinin cəsədini birtərəfli qaydada Ermənistana ötürmüşdür. Bu, Rusiyanın vasitəçilik səyləri sayəsində mümkün olmuşdur. Bu addım humanizm prinsiplərini rəhbər tutaraq atılmışdır. Baxmayaraq ki, Ermənistan uzun müddət həlak olanların cəsədlərini təhvil almaqdan imtina edirdi.

Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirmişdir. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.

Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilmişdir.

Bu tribunadan sizə müraciət edərək bildirirəm ki, Azərbaycan heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb. Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik.

Sonda hörmətli Abdulla Nigmatoviçə və ayrıca olaraq hörmətli Sergey Nikolaeviçə bugünkü görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm.

Əminəm ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcəkdir”.