İlkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən dövlət müəssisələri açıqlanıb.
Trend xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda göstərilən aşağıdakı dövlət müəssisələri ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
– Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
– “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
– “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
– Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.