Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin gücləndirilməsi haqqındadır.
AQTA-dan Trend-ə bildirilib ki, orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.
Mikro elementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur və onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Mikro elementlərlə zəngin qidalar aşağıdakılardır və günlük qida rasionunu bu məhsullarla zəngin etməklə immun sistemini gücləndirmiş olarıq:
C Vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo,noxud, pomidor.
D Vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər.
A Vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər.
E Vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər.
B6 Vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud.