Home Manşet Şəbnəm Həsənova : Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” fikrinin səhv olduğunu göstərdi

Şəbnəm Həsənova : Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” fikrinin səhv olduğunu göstərdi

351
0
SHARE

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinnin müqəddəratından məsul orqan kimi Minsk Qrupu bu illər ərzində nəticəyönümlü heç bir fəaliyyətlə məşğul olmadı. Nəzər alsaq ki, hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir, o zaman icrası ilə məşğul olmaq da elə onların vəzifəsi idi. Bu ötən illər ərzində isə biz bu Qrupdan işğalçı və işğala məruz qalan dövlət arasında fərq qoymadan sadəcə dişsiz, ünvansız bəyanatlardan başqa heç bir şey görə bilmədik. Bunun özü də Azərbaycan cəmiyyətində ATƏT-in Minsk Qrupuna qarşı inamsızlıq, son illər ərzində isə hətta hiddət doğururdu. Eyni zamanda, dünyada sülhün və təhlükəsizliyin qorunmasında əsas rol oynayan qurumlardan ən başlıcası kimi BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü kiçik, yoxsullaşmış, iqtisadi və siyasi cəhətdən digər dövlətlərdən asılı olan Ermənistana təsir edə bilməməsi, daha doğrusu istəməməsi məsələni daha da qəlizləşdirirdi.

Bu gün baş verən hadisələr, Azərbaycanın öz tarixi torpaqlarını öz gücünə işğaldan azad etməsi Minsk qrupunun həmsədr ölkələri tərəfindən səsləndirilən “münaqişənin hərbi həlli yoxdur” fikirinin səhv olduğunu göstərir. Bu reallığı dəyişən Azərbaycan oldu. Hazırda münaqişə məhz hərbi fazadadır. Bunun əsas səbəbi isə təcavüzkara qarşı heç bir sanksiyanın tətbiq olunmaması, onun işğala son qoymağa məcbur edilməməsidir. Bu dövlətlərin əlində kifayət qədər təsiretmə mexanizmləri olduğu halda işğalçı Ermənistana təzyiq etmədilər və özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər.

Ermənistana təzyiq göstərilməli, sanksiya tətbiq olunmalı idi, ya da ən azından şifahi olaraq sanksiyaların tətbiq olunacağı ilə bağlı fikirlər səsləndirilməli idi. Lakin Ermənistan və vasitəçilər illərlə vəziyyəti sabit saxlamaqda maraqlı oldular. Ermənistanın yeni hökuməti isə verdiyi bəyanatlar və əməllərlə prosesi faktiki olaraq kökündən məhv etdi. Azərbaycan bu gün də hərbdən siyasi həllə keçmək barədə siyasi iradə göstərməyə və beləliklə, bundan sonra hərbi-siyasi həllin üstünlük təşkil etməsinə razılaşır. Yəni, Paşinyan Prezident İlham Əliyevin tələblərinə müsbət cavab versə Azərbaycan bu gün də dayanmağa hazırdır. Belə ki, Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli verilməlidir ki, bundan sonra regiona sülh gəlsin.