Home Manşet Sədaqət Vəliyeva: Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir

Sədaqət Vəliyeva: Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir

369
0
SHARE

“Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şuşa Azərbaycan xalqı üçün milli simvoldur: “Bu səbəbdəndir ki, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşanın azad olunması barədə xəbəri xalqa müraciətindən səsləndirdikdən sonra insanlar əllərində bayraqlar küçə və prospektlərdə bayram əhval-ruhiyyəsində tarixi günü qeyd edirdi. 28 il idi ki, Şuşa düşmən əsarətində idi. 28 il idi ki, mədəniyyətimiz də, tariximiz də əsarətdə idi. Şuşanın işğaldan azad olunduğu gün bundan sonra Azərbaycan xalqının bayram əhval-ruhiyyəsində qeyd edəcəyi tarixə çevrildi”.

Sədaqət Vəliyeva vurğulayıb ki, ulu öndər Heydər ƏliyevAzərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinəçox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ümummilli Lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Hətta, 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi: “Bir zamanlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri haqqında danışan ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. Məhz Ali Baş Komandan cənab İlham Əliyev də Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək Şuşanı azadlığına qovuşdurdu, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövrün başlanğıcını elan etdi”.

“270 illik tarixi olan Şuşa şəhərini düşmən işğalından azad edən Ali Baş Komandan cənab İlham Əliyev heç şübhəsiz xalqımızın qəhrəmanıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkəmizdə mövcud olan xalq-ordu-Ali Baş Komandan birliyi bütün torpaqlarımızın qarış-qarış azad olunmasına, insanlarımızın böyük qələbə sevinci yaşamasına səbəb olacaq.