Home Manşet Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

Üçrəngli bayrağımız Azərbaycan Ordusunun şanlı tarix yazmasına şahidlik edir

366
0
SHARE

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağımız, eyni zamanda, sevincimizin ilk şahidi, qələbə müşdəçisidir. Harada və nə vaxt səslənməsindən asılı olmayaraq hər birimizin qəlbini riqqətə gətirən, ürəyimizdə xoş duyğular oyadan Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına müqəddəs üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin böyük qürur hissi və fəxrlə qeyd etdiyi kimi, dövlət bayrağımız milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçı, çağırışdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə söyləyib.

V.Rəhimzadə bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar dövlət bayrağımızın daim yüksəklərdə dalğalanması ilə müşayiət olunur: “Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə görülən işlər qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını təsdiqləyir. Həmin dövrdə müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrə uyğun olaraq ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, üçrəngli bayrağımızın azadlığımızın və suverenliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında dalğalanması həqiqətlərimizin təbliğinə geniş imkanlar açmışdır.”

Baş redaktor cəmi 29 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəfərlər və qələbələrlə dolu son 27 ilinin bilavasitə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu, bu müddətdə aylı, ulduzlu, üçrəngli bayrağımızın dünyanı dolaşdığını diqqətə çatdırıb: “Xüsusilə son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində üçrəngli bayrağımız Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr diyarı, demokratik ölkə kimi tanınmasına, dünyanın iqtisadi, siyasi, humanitar mərkəzinə çevrilməsinə, hər sahədə təcrübəsinin nümunə olmasına, eyni zamanda, Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəlik bacarığı, qətiyyəti, sarsılmaz siyasi iradəsi əsasında rəşadətli Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma Qarabağ torpaqlarımızı biri-birinin ardınca yağı düşməndən təmizləməklə şanlı tarix yazmasına şahidlik edir. Əgər 2016-cı ildən Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağın Lələtəpə yüksəkliyində, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Naxçıvan Muxtar Respublikasının Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq dağlı-aranlı cənnət Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində və 200-dən artıq yaşayış məntəqələrimizdə göylərə ucalır.

Noyabrın 8-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sevincimizə Qarabağın incisi, musiqimizin, ədəbiyyatımızın beşiyi, qədim tarixi şəhərimiz Şuşanın da işğaldan azad olunması xəbərini əlavə etdi. Artıq bu gün-9 noyabr- Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızın işğaldan azad edilmiş Şuşa şəhərində qürurla dalğalanır. Qürurla qeyd edirik ki, tariximiz yenidən yazılır. Artıq torpaqlarımızın işğal olunma tarixi işğaldan azad olunmaları tarixi ilə əvəzlənir. Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələtini təkbaşına icra edir. Xalqımız tam əmindir ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində işğal altında olan digər torpaqlarımız da azad olunacaq, müqəddəs bayrağımiz bütün Azərbayanda dalğalanacaq.

Vüqar Rəhimzadə bildirib ki, şəhidlərimizin, erməni terrorunun qurbanı olan mülki vətəndaşlarımızın qanı yerdə qalmır, ordumuz onların qisasını döyüş meydanında alır: “Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan noyabrın 8-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu ondər Heydər Əliyevin məzarını ziyarət edərək, Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətinin təsadüfi olmadığını bildirdi. Şəhidlərimizin, erməni vəhşiliyinə tuş gələn digər soydaşlarımızın, Xocalı qurbanlarının qanı yerdə qalmır. Möhtərəm Prezidentimiz, eyni zamanda, bu fikri böyük qürurla qeyd etdi ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

V.Rəhimzadə onu da əlavə edib ki, bu gün ən yüksək zirvələrdə dalğalanan, küçə və meydanlarımızı, paytaxt və bölgələrimizi, şəhər və kəndlərimizi, qəsəbələrimizi bəzəyən, sentyabr ayının 27-dən bugünədək qələbə sevincimizin müjdəçisi olan üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir: “Bir daha bütün dünyaya sübut edirik ki, biz böyük, məğrur xalqıq! Biz yenilməz xalqıq! Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib! Bu birlik əbədidir! Bu gün bu əminliyi də böyük inam və qürurla ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tarixə 2020-ci ilin zəfər Sərkərdəsi, Azərbaycan Ordusu ən güclü və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman Xalq kimi yazılacaq. Qarşıdakı illərdə bu birlik yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların uğurlu icrasını təmin edəcək. Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.