Home Manşet Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanda yaşayan xalqların nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

376
0
SHARE

Azərbaycanda yaşayan xalqların nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

Möhtərəm cənab Prezident!

Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. Məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır.

Vətən müharibəsinin həyəcan, lakin böyük ümid dolu dövründə elə gün olmadı ki, ölkənin fərqli inanc yerlərində, müxtəlif dillərdə qəhrəman Azərbaycan Ordusuna, müasir Azərbaycan tarixinin yeni qalibiyyət səhifəsini yazmış Müzəffər Ali Baş Komandanımıza dualar edilməsin, Vətən torpaqlarının erməni işğalçılarından azad olunmasında fədakarlıq göstərən əsgər və zabitlərimizə Uca Rəbbimizdən cansağlığı, qələbə müjdəsi arzuları dilə gətirilməsin. Misilsiz tarixi Qələbəmizin əldə olunmasında Sizin müdrik dövlət başçısı, qətiyyətli sərkərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi misilsiz xidmətlərinizi və nailiyyətlərinizi yüksək dəyərləndirir, 30 illik intizardan sonra bizə qələbə sevincini yaşatdığınıza görə Azərbaycanda yaşayan bütün xalqlar adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Kamal Abdullayev – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri

Rəvan Həsənov – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

İmamverdi Həmidov – Azərbaycanda talış icmasının ağsaqqalı

Əhməde Həpo – Azərbaycanda kürd icmasının ağsaqqalı

İmran Rzayev – “Samur” Ləzgi Mərkəzinin sədri

Məhəmməd Nooyev – Azərbaycan-Avar İctimai Birliyinin sədri

Mixail Zabelin – Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı

Elman Əhmədov – “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri

Milix Yevdayev – Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri

Robert Mobili – Alban-Udi Xristian Dini İcmasının sədri

Aleksandr Şarovski – Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri

Rafiq Abdullayev – “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri

Gülcan Miəsautova – “Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyətinin sədri

Ismayıl Rəhimov – Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri

Sevinc Bulacova – Azərbaycanda ingiloy icmasının rəhbəri

Rafael Qvaladze – Azərbaycanda yaşayan gürcü icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri