Home Manşet Malayziyadan Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək (FOTO)

Malayziyadan Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək (FOTO)

360
0
SHARE

Malayziya Xarici İşlər Nazirliyindən Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək göstərib.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Malayziya Xarici İşlər Nazirliyi press-reliz yayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış bəyanata dəstək ifadə edib. Noyabrın 13-də yayılmış sənəddə Dağlıq Qarabağ və ətraf rayonlarda döyüşlərin dayandırılmasından məmnunluq ifadə edilib, bu müsbət nəticəyə nail olmaqda Rusiya Federasiyasının səylərinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Malayziya beynəlxalq ictimaiyyətə qoşularaq, tərəflərə sülh razılığının qorunmasına, eləcə də, onlara münaqişənin həll olunması məqsədilə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq dialoq və diplomatiya vasitəsilə danışıqlara başlamasına çağırış edir.

Press-relizlə əlaqədar, Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev Malayziya Hökumətinin növbəti dəfə haqq və ədalətin tərəfində olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdiyini, bu səpkidə Azərbaycanın ərazi bütövlüyünə uzun illərdən bəri verdiyi qətiyyətli dəstəyi davam etdirdiyini qeyd edərək, məmnunluğunu ifadə edib. Azərbaycan səfiri bildirib: “Dost və qardaş Malayziya xalqının ölkəmizin ərazi bütövlüyündə göstərdiyi birmənalı mövqe təqdirəlayiqdir. Biz, bu dəstəyi alqışlayırıq. Məlum olduğu kimi, Malayziya xalqı, hökumət və qanunverici orqan səviyyəsində bundan əvvəl də Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlara münasibət bildirmişdir. Belə ki, cari ilin 27 sentyabr tarixində Ermənistanın hərbi qüvvələri ölkəmizə qarşı növbəti təcavüzkarlıq aktına başlayandan dərhal sonra Malayziyanın Xarici İşlər Nazirliyi ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat qəbul etmişdir. Həmçinin, 1 oktyabr tarixində Malayziya Parlamentində Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təxribatı kəskin şəkildə pisləyən bəyanat yayılmışdır”.

Qeyd edək ki, Malayziya 2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsində həm-təşəbbüskar dövlət kimi çıxış etmişdir.