Home Manşet Sədaqət Vəliyeva: Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün...

Sədaqət Vəliyeva: Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi

348
0
SHARE

“Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Sosial şəbəkələrdə, mediada erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni-yeni faktlar açıqlanmaqdadır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçülərinin Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etməsi, qəhrəman Azərbaycan əsgərlərinin kiçik qüvvə ilə Zəngilanı azad etməsi, Cəbrayılda erməni zabitlərinin öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deməsi, Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmizin 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etməsi və başqa faktlar bir daha ordumuzun rəşadətindən, yüksək vətənpərvərliyindən xəbər verir. Düşünürəm ki, bunlar illər keçsə də, unudulmayacaq, gələcək nəsillərə qəhrəmanlıq hadisələri kimi danışılacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir: “Bu, yeni nəsil müharibə üsuludur,  planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bununla yanaşı, özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün uzun illər lazım olacaq”.

Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi ötən 44 gün ərzində də qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi: “Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi”.

“Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı” – deyən Sədaqət Vəliyeva diqqətə çadırıb ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.