10 noyabrda Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 9 bənddən ibarət Bəyanatda noyabrın 15-dək Kəlbəcərin, 20-dək Ağdamın, dekabrın 1-dək isə Laçinın qaytarılması öz əksini tapıb. Noyabrın 15-də Ermənistan Rusiya Prezidentinin vasitəsilə Kəlbəcərin tam boşaldılması üçün Azərbaycandan əlavə 10 gün vaxt istədi. Azərbaycan vaxtın noyabrın 25-dək uzadılmasına razılığını ifadə etməklə bir daha humanist dəyərlərə sadiqliyini nümayiş etdirdi. Bəs bu humanistliyin müqabilində işğalçı Ermənistan necə hərəkət edir? Kəlbəcəri tərk etmələri ilə bağlı qrafikin təsdiqlənməsindən bu günədək ermənilər evlərin, meşələrin yandırılması, ağacların kəsilib daşınması ilə məşğuldurlar. Videogörüntülərə diqqət yetirdikdə ermənilərin onlara məxsus olmayan torpaqları tərk etmələri ilə bağlı verdikləri açıqlamalar onların necə vəhşi bir məxluq olduqlarını bir daha sübut edir. 27 ildən artıq müddətdə burada qeyri-qanuni məskunlaşmış ermənilər açıq-aşkar evləri yandırdıqlarını etiraf edir, hətta daha da vəhşiləşərək digərlərini də yandıracaqlarını vurğulayırlar. Dünya bu gün Azərbaycanın humanist addımlarının qarşılığında işğalçı dövlətin barbarlığını daha aydın şəkildə görür. Amma dünya ictimaiyyəti susmaqla prosesi nəyə gətirib çıxardığının fərqindədir. 44 günlük müharibə dünyanı «qış yuxusundan» ayıltdı və reallıqları düzgün dəyərləndirməyəndə beynəlxalq hüququn yoxluğu təəssüratı yaratdığını aparıcı dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə çatdırdı.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.
V.Rəhimzadə qeyd edib ki, Bəyanatda əksini tapan müddəaya uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı: “Qeyd edək ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xətindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Amma möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi”.
“Dövlətimizin başçısı İlham Əliyev Ağdamın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bir daha bildirdi ki, Azərbaycanın döyüş meydanında qələbəsi siyasi müstəvidə də qələbəmizi şərtləndirdi» söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu 44 gündə hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi: “Ən əsası bir daha dünyaya sübut edildi ki, yenilməz, məğlubedilməz ordu Azərbaycan Ordusudur. Ermənilərin yaratdıqları «yenilməz ordu» mifi tamamilə darmadağın edildi. Ermənistan sözün əsl mənasında uğursuz ölkədir. Buna səbəb işğal faktıdır. Ermənistan hakimiyyəti çox yaxşı bilirdi ki, Azərbaycan işğalla heç zaman barışmayacaq. İşğal alında olan torpaqlarını istənilən yolla azad emək iqtidarındadır. Amma Ermənistan özünə saxta tarix yaratmaqla öz yalanlarına dünyanı inandımağa səy göstərir. Erməni lobbisinin güclü olduğu Fransa kimi dünyanın nüfuzlu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövləti beynəlxalq hüquq normalarını kobul şəkildə pozaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, qondarma “Dağlıq Qarabağ respublikası»nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirir. Məhz bu iki dövləti bir araya gətirən dəyərlərin nəticəsidir ki, Ermənistanın faşizm siyasəti rəsmi Paris tərəfindən dəstək qazandı. Amma onlar unudurlar ki, belə mənasız, beynəlxalq hüquqa zidd addımlar tarixi inkar, həqiqətləri ört-basdır etmək imkanında deyil. Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi”.
Baş redaktor işğalçı dövlətin daim səfalət içərisində yaşadığını, hər zaman himayədarlarının qarşısında boyun əydiyini önə çəkərək cənab İlham Əliyevin fikirlərinə istinadən bildirmişdir ki, «mənə kömək elə» prinsipi erməni ideologiyasının əsasını təşkil edir: «Belə bir ölkənin inkişafdan, tərəqqidən danışması nə qədər inandırıcı görünə bilər? Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə. Ermənilər özləri öz bəlalarının səbəbkarlarıdır. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”.
Vüqar Rəhimzadə qeyd edib ki, qonşu dövlətlərə əsassız torpaq iddiası ilə çıxış edib, himayədarlarının dəstəyi ilə buna nail olan işğalçı Ermənistan gec-tez bu rəzilliyi yaşayacağını bilməli idi. Çünki işğalçı Ermənistanın rəhbərliyi beynəlxalq hüquqdan xəbərsiz olsa da, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları xəbərdardır, ən əsası bu prinsipləri zamana və məkana görə tətbiq etməklə ikili standartları dünya üçün qəbul olunmuş bir dəyərə çevirirlər.