Home Manşet Son hadisələr Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmasını labüd edib – Naqif...

Son hadisələr Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmasını labüd edib – Naqif Həmzəyev

304
0
SHARE

İşğalçı Ermənistanın məkrli siyasətindən əl çəkməməsi, ikili standartlar, təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Ermənistan–Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, faşizm ideologiyasından qidalanan Ermənistana beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması bu ölkəni daha da azğınlaşdırdı. Sentyabrın 27-dən başlayaraq mənfur qonşular ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücumlara başladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə də səssiz qaldı. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməməsi, məsələyə laqeyd münasibət gösrətdi ki, ATƏT-in Minsk Qrupu regionda sülhün, sabitliyin, tərəqqinin bərqərar olmasına maraqlı deyil. Xüsusən, Minsk Qrupunun həmsədrlərindən Fransanın açıq-aşkar işğalçı Ermənistanın yanında yer alması illərdi davam edən laqeydliyin səbəbini ortaya çıxardı.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi. Bütün dünya bilir ki, 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına müvafiq olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləmiş və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır.

Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa nə etdi? Münaqişənin ilk günündən Fransa rəhbərliyi qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgilədi, işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanı dəstəkləyən Fransa hökuməti Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməməzlikdən gəldi. Avropa Şurası da, Avropa Parlamenti də Ermənistanda baş verən haqsızlıqları, repressiyaları, ədalətsizliyi hüquq normalarının pozulduğunu demək olar ki, görmək istəmirlər.

Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xlqımızı təbrik edən ölkə Başçımız İlham Əliyev müraciətində məğlub ölkədə baş verən hadisələrə beynəlxalq təşkilatların səssiz qalmasına diqqət çəkib: “Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının, artıqlaması ilə”.

Bəli, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Erməni lobbisinin tam nəzarətində olan Paris meriyasının artıq mövcud olmayan qondarma bir qurumu tanımağa cəhd göstərməsi olduqca gülünc görsənir. Eyni zamanda, son hadisələr, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib.

İşğalçı Ermənistana havadarlıq, himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Qarabağ Azərbaycandır!