Müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri haqqında narahat olurlar. İslamofob hissləri alovlandıran Qərb dövlətlərinin liderləri İslam müqəddəslərinin təhqirlərinə göz yumur və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Elə bu səbəbdəndir ki, onların xristian məbədləri haqqında danışmağa nə mənəvi, nə də heç bir haqqı yoxdur. Azərbaycan dövləti öz ərazisində olan bütün məbədlərə tarixi sərvəti kimi yanaşıb və onları hər zaman dərin hörmətlə qoruyub, bütün tarixi abidələr dövlət tərəfindən qorunur. Elə bunun bariz nümunəsidir ki, Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti nümunə kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Bu səbəbdən də məscidləri bağlayan, ya da müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan heç kimin bizə söz deməyə haqqı yoxdur.
Cənab Prezidentin rəhbərliyi və şəxsi nəzarəti altında dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub, inzibati bina tikilir. Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman həssas münasibət göstərib. Elə müharibə dövründə udi kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, gürcü kilsələri, erməni kilsəsi müsəlman məscidləri kimi qorunur, hörmət olunur.
Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olub və iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər, lakin bununla bağlı məsələ qaldırmayıblar. Əgər Qərb liderləri düşünürlərsə ki, müsəlman məscidlərini təhqir etmək dağıtmaq, inək, donuz saxlamaq olar o zaman onlar yanılırlar. Bu baxımdan da Cənab Prezidentin Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlaması olduqca dərin, mənayüklü bir addımdır. Bundan sonra da Azərbaycan heç kimə Azərbaycanın siyasətinə qarışmağa icazə verməyəcək, bütün o ölkələrin təxribatlarına rəğmən tutduğu inkişaf yolu ilə davam edəcək. Bunun üçün Azərbaycanda güclü xalq-iqtidar birliyi və birliyin başında Ulu öndərin möhkəm siyasi təməllərini əsas tutan cənab Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti var.
Şəbnəm HƏSƏNOVA
Politoloq