Böyük Britaniyanın “ITE Group” şirkətinin icraçı direktoru Edvard Strahandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda mübarizədə qazandığı möhtəşəm zəfər münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzun illər davam edən işğaldan və 1990-cı illərin əvvəllərində baş verən faciəvi hadisələrdən sonra Sizin müdrik rəhbərliyiniz, eləcə də bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayəsində çox qısa müddətdə qazandığınız bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.
İndiki vaxtda Bakıda olmaq istərdim. Sizin dünyanın nüfuzlu KİV-lərinə verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini inamla və müdrikcəsinə ifadə etdiyinizi böyük məmnunluqla izləmişəm. Əminəm ki, müsahibələrinizdə göstərdiyiniz tutarlı faktlar qlobal ictimai rəyi lehinizə dəyişib və ölkənizin diplomatik müstəvidə böyük qələbə qazanmasına səbəb olub.
Mən Bakıya qayıdacağım, eləcə də oradakı dostlarım və həmkarlarımla görüşüb onları təbrik edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu zəfərin həm onlar, həm də bütün Azərbaycan vətəndaşları üçün daimi qürur və ilham mənbəyi olduğunu yaxşı bilirəm. Bakıdakı komandamızın “ADEX” sərgisinin təşkili ilə bağlı gördüyü işlərlə fəxr etdiyini bilirəm və inanıram ki, bu sərgi XXI əsrdə üzləşdiyimiz çağırışlara cavab verməyə hazır müasir ordunun formalaşmasına az da olsa, töhfəsini verib.
Sizin mənə şəxsən təqdim etdiyiniz “Dostluq” ordenini böyük qürur hissi ilə daşıyıram və bir daha bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. “ADEX” sərgisi ilə tanışlığınız zamanı Sizinlə və ölkənizin Birinci vitse-prezidenti ilə görüşmək şərəfinə nail olduğuma görə Zati-alinizə minnətdarlığımı bildirir, bu xoşbəxt anlarda Sizi yeni tarix yazdığınıza görə bir daha təbrik edirəm”.
X X X
Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən “Bosnia internattional” Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədri Ernad Deni Çomaqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Qarabağda suverenliyinizin bərpa olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.
Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla oxşar çətinlikləri yaşayıb. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmnun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.
Azanın Şuşa və Ağdam məscidlərindən əbədi səslənməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasını arzu edirik”.