Müharibədə məğlubiyyətə uğrayan Ermənistan uzun illər ödəməli olacağı borca düşməklə yanaşı, işğalçılıq siyasətinin dayandırılması ilə əlaqədar üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi. Kapitulyasiyanın şərtlərinə uyğun olaraq, əvvəlcə, Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə – yəni, bu gündən etibarən ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Bir məqamı vurğulamaq lazımdır ki, Ağdam şəhəri və rayonun işğal altında olan kəndləri, habelə Kəlbəcər rayonunu düşmən döyüşsüz təhvil vermək məcburiyyətində qaldı.
Bu sözləri Trend-ə Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Adil Əliyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev dediyi kimi, biz bu əraziləri bir mərmi belə atmadan geri qaytardıq. Təbii ki, bu gün Ermənistanın Ağdam və Kəlbəcər rayonlarını geri qaytarması düşmənin öz istəyi ilə baş vermədi. Belə ki, Ermənistanın işğalçılıq siyasətini tanıyan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcuddur. Ermənistan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altındakı ərazilərimizi qeyd-şərtsiz boşaltmalı idi. Lakin Ermənistan bütün tələblərə zidd olaraq heç bir öhdəliyini yerinə yetirmədi. Əksinə, Ermənistanın baş naziri özünü “fövqəlgüc” hesab edərək, Azərbaycana qarşı 7 şərt irəli sürməkdən çəkinmədi. Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs verilməsinin zamanının gəldiyini aşkar şəkildə dünyaya göstərdi.
Təxribatların qarşısını almaq, eyni zamanda, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlubiyyətə uğratdı.
Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi heç bir nəticə vermədi. Siyasi təzyiqlərə tabe olmayan qətiyyətli və müdrik Prezident İlham Əliyevin uğurlu diplomatik mövqeyi sayəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi. Düşmənin imzaladığı kapitulyasiya aktı Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz təhvil almağımızı şərtləndirdi.
“Bu gün yalnız əbədi və əzəli torpaqlarımızın geri qaytarılmasında söhbət getmir. Xüsusilə vurğulamaq lazımdır ki, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 nömrəli qətnaməsinin icrası idi. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 nömrəli qətnaməyə əsasən, işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcər də qeyd-şərtsiz azad edilməli idi. Lakin Ermənistan Dağlıq Qarabağla bağlı qəbul olunmuş digər 3 qətnamə kimi, həmin sənədin tələblərini də yerinə yetirməkdən imtina etdi. Beləliklə, bizim dədə-baba torpaqlarımızda erməniləşdirmə siyasəti və qanunsuz məskunlaşdırma prosesi davam etdirildi”, – deyə Milli Məclis sədrinin müavini bildirib.
Adil Əliyev diqqətə çatdırıb ki, qətnamələrin icrasına məsul beynəlxalq qurumlar isə sanki bunu görməzdən gəlirdi. Nəticədə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edir və bununla yanaşı, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ərazimizə ayrı-ayrı ölkələrin vətəndaşlarını, o cümlədən muzdlu döyüşçüləri yerləşdirir. Lakin təəssüf ki, bu gün Ermənistana yardım göstərən və BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa başda olmaqla, digər ölkələr də bu təcavüzün qarşısının alınması, işğalçılıq siyasətinə son qoyulması üçün heç bir səy göstərmədi.
“Göründüyü kimi, BMT özünün qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmədi. Bunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ən yüksək, mükəmməl səviyyədə bacardı. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi. Demək ki, vaxtında kifayət qədər təzyiqlər olsaydı, Ermənistan bu ərazini illər əvvəl tərk edərdi”, – söyləyən A.Əliyev vurğulayıb ki, bu gün məğlub olmuş düşmən nəhayət anladı ki, Azərbaycan Respublikasının Prezidenti həm də dünyanın ən öndə gedən liderlərindən biridir. Dövlətimizin başçısı istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsini qarşısına əsas hədəf olaraq qoymuşdu və hazırda bunu çox böyük müdriklik və qətiyyətlə reallaşdırır.
Eşq olsun Müzəffər Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu!