Home Manşet Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan...

Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir

260
0
SHARE

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

“Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar – o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi – komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar”.