Home Manşet Cavid Osmanov: AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün...

Cavid Osmanov: AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi

414
0
SHARE

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 10 noyabrda imzalanmış bəyanat Azərbaycanın tam qələbəsi, Ermənistanın isə kapitulyasiyası demək idi. Bu bəyanata əsasən, bu gün Kəlbəcər rayonu Azərbaycana qaytarıldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Kəlbəcərin 1993-cü ildə erməni vandalları tərəfindən işğalı zamanı Azərbaycan daxilində siyasi vəziyyət gərgin idi:

“O zaman AXC hakimiyyətinin xəyanəti, ölkədə yaratdıqları qarşıdurma, anarxiya, xaos torpaqlarımızın işğalına gətirib çıxardı. O zaman AXC-nin qeyri-qanuni yolla hakimiyyəti zəbt etməsi, xalqımıza xəyanəti, xarici dairələrə xidmət etmək kimi amalları və öz ciblərini doldurmaq istiqamətində atdıqları addımlar erməni vandalları üçün səmərəli şərait yaratdı və onlar da bundan çox yaxşı istifadə etməklə torpaqlarımızı işğal etdilər.

Xalqımıza qarşı xəyanət yolu tutan səriştəsiz AXC hakimiyyətinin üzvlərinin, xüsusən də o zamankı dövlət katibi, parlament sədri, müdafiə naziri, daxili işlər nazirinin xalqın maraqlarına uyğun gəlməyən mövqe tutması, xəyanət etmələri torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Çünki onların xəyanəti, ölkədə yaratdıqları xaotik vəziyyət, qarşıdurma, eyni zamanda qohumbazlıqları, ətraflarındakı səriştəsiz, idarçilik qabiliyyəti olmayan insanları müxtəlif vəzifələrə gətirmələri nəticəsində ölkəmizin 20 faiz torpağı işğal altına düşdü, o cümlədən bu gün azad edilən Kəlbəcər rayonu da onların birbaşa xəyanəti nəticəsində işğal altına düşmüşdü.

Əlbəttə ki, 1993-cü ildə ulu öndər hakimiyyətə gəlməsəydi, Azərbaycan daha böyük bəlalarla üzləşə bilərdi və daha çox torpağımız erməni işğalı altına düşə bilərdi.

Bu gün çox sevinirik ki, ölkə Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun döyüş meydanında şücaəti, Prezidentimizin diplomatiya və informasiya müharibəsi sahəsində uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz təmin edildi. O zaman AXC-nin xəyanəti nəticəsində işğal edilmiş torpaqlarımız bu gün cənab Prezidentimizin apardığı düzgün siyasət nəticəsində azad edildi”.