Home Manşet Sədaqət Vəliyeva: Senat qəbul etdiyi qərarla Fransa parlamentarizm tarixinin utancverici səhifəsini yazmış...

Sədaqət Vəliyeva: Senat qəbul etdiyi qərarla Fransa parlamentarizm tarixinin utancverici səhifəsini yazmış olur

364
0
SHARE

“Biz ötən həftə Paris meriyasının erməni lobbisinin əlində siyasi alətə çevrildiyinin şahidi olmuşduq. Dünən isə bir daha əmin olduq ki, dünyanın 7 ən güclü ölkəsindən biri olan Fransa erməni lobbisinin iradəsindən asılı vəziyyətdədir və erməni maraqları Fransa mənafelərindən daha üstündür. Bu cür vəziyyət Fransa kimi dövlətə yalnız zərər gətirə bilər. Heç şübhəsiz ki, Fransa Senatında qəbul edilmiş, tamamilə qərəzli xarakter daşıyan “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə də bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb və yalnız təxribat kimi qiymətləndirilə bilər”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur və bu, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil: “Lakin bu qətnamə hüquqi sənəddən çox siyasi xarakterli bir aktdır. Bu səbəbdən də qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Fransa da səs verib və bu qətnamələr Dağlıq Qarabağ münaqişəsinin həllini, işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını özündə ehtiva edir. Lakin belə bir addımla Fransa Senatı dövlətin iradəsinin əksinə gedir və öz-özünü inkar və ifşa edir. Fransa Senatı tərəfindən belə bir qərəzli mövqeyin ortaya qoyulması bir daha isbatlayır ki, Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq neytral deyil, əksinə Azərbaycana qarşı Ermənistanın yanında yer alıb. Məhz vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi həmin dövlətin bitərəfliliyini ciddi şəkildə şübhə altına alır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir: “İstər Fransa Senatı, istərsə də hökuməti anlamalıdır ki, bu cür addımlar ilk növbədə Azərbaycan ictimaiyyətində Fransanın vasitəçi kimi nüfuzuna xələl gətirir, ədalətliliyi şübhə altına düşür. Həmçinin, Fransa Senatının bu qərarı həm Avropada güclənməkdə olan İslamofobiyanın daha dərinləşməsinə, həm separatizm meyillərinin güclənməsinə, həm də tarixin saxtalaşdırılmasının adi hala çevrilməsinə rəvac verə bilər. Eyni zamanda, bu qərar Fransanın beynəlxalq imicinə böyük zərbə olar və bu ölkə qlobal etimad kreditini itirər. Eləcə də Senat qəbul etdiyi qərarla Fransa parlamentarizm tarixinin utancverici səhifəsini yazmış olur. Ona görə də, Fransa Senatının erməni lobbisinin və diasporasının dəstəyi, yaxud təzyiqi ilə qərəzli qətnamələr qəbul etmək əvəzinə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də Cənubi Qafqaz regionunun dayanıqlı inkişafına yardımçı olardı. Ümid edirəm ki, Fransa Prezidenti, hökuməti real situasiyanı dəyərləndirəcək və adekvat addımlar atacaq, bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edəcək. Əks halda zaman gələr müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsi kimi müvafiq gündəliklər Fransanın qarşısına çıxarıla bilər”.