Home Manşet Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq...

Sədaqət Vəliyeva: Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir

375
0
SHARE

“Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, ayın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın ikinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Kəlbəcərin azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsini bir daha təsdiq edir: “Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət çıxışında dediyi kimi Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Heç kəsə sirr deyil ki, Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olub. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı.1992-1993-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdı. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxarmışdı. Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir”.

“Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistana unitazla qaçanlar erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər: “Ermənilər Kəlbəcər məktəbi, evləri, hərbi hissəni yandırması, partlatması, meşələri qırması düşmənin mənəvi-əxlaqi baxımdan deqradasiyanı dünyaya nümayiş etdirdi. Heç kəsdə şübhə olmasın ki, Azərbaycan dövləti bütün işğaldan azad olunmuş ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələri, şəhər və kənd infrastrukturunu bərpa edəcək, ora həyatı qaytaracaq”.