Yeni Azərbaycan Partiyası Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyir.
Trend-in məlumatına görə, YAP-ın etiraz bəyanatında qeyd olunur ki, Avropa demokratiyasının aparıcı dövlətlərindən sayılan Fransanın qanunverici orqanı tərəfindən belə addımın atılmasını suveren Azərbaycan dövlətinə qarşı qeyri-dost münasibət, onun daxili işlərinə kobud müdaxilə cəhdi, beynəlxalq hüququn fundamental prinsiplərinə böyük hörmətsizlik nümunəsi hesab edirik. Eləcə də məlum qətnamədə qardaş Türkiyəyə qarşı əsassız iddiaların yer almasına, Dağlıq Qarabağ problemindən Türkiyə Respublikasının əleyhinə çirkin təzyiq kampaniyasında vasitə kimi istifadə edilməsinə dərin etirazımızı bildiririk.
Bu qətnamə erməni lobbisinin təsiri altında hərəkət edərək Fransanın maraqlarını və beynəlxalq hüququ heçə sayan bir qrup senatorun Azərbaycana uğursuz təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Qətnaməyə səs verənlər, görünür, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu unudur və ya öz ölkələrini artıq bu statusda görmürlər.
Fransa Senatına onu da xatırlatmaq istəyirik ki, məhz sizin ölkəniz BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 qətnamənin qəbul edilməsində iştirak edib. Təəssüf hissi ilə bildiririk ki, 30 ilə yaxın müddət ərzində Fransanın da daxil olduğu beynəlxalq vasitəçilər bütün zəruri hüquqi bazanın olmasına rəğmən, Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi, bir milyona yaxın məcburi köçkünün öz evlərinə qaytarılması üçün üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımları atmadılar və ya atmaq istəmədilər. Belə olan halda Azərbaycanın hüquq çərçivəsində beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa və təcavüzkar Ermənistanı sülhə məcbur etməsinə qərəzli münasibət sərgiləmək, Azərbaycana və Türkiyəyə qarşı heç bir əsası olmayan ittihamlar irəli sürmək Fransanın bitərəf qalmalı olan vasitəçilik missiyası ilə qətiyyən uzlaşmır, onun ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə Azərbaycan cəmiyyətinin inamını kökündən sarsıdır.
Sözügedən qətnamənin qəbulu bəzi Qərb siyasi dairələrində islamafob meyillərin və özlərinin təşviq etdikləri dəyərləri, demokratiya prinsiplərini və qanunları pozmaq ənənənəsinin növbəti təzahürü olmaqla, Fransanı beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan salmağa xidmət edir. Bu gün dünya Azərbaycanın azad olunan ərazilərində 30 il ərzində işğalçıların törədikləri vəhşiliklərin şahidi olur və Fransa Senatının həmin vəhşilikləri törədənlərin kor-koranə müdafiəsinə qaxması onun söykəndiyi humanizm dəyərləri ilə bir araya sığmır. Digər tərəfdən, Ermənistanın özünün belə tanımadığı qondarma Dağlıq Qarabağ rejiminin tör-töküntülərini müstəqil dövlət kimi tanımaq çağırışı ilə ermənidən artıq erməni olmağa çalışan Fransa Senatı özünü gülünc vəziyyətə saldı.
Yaxşı olardı ki, Fransa Senatı öz səylərini Minsk Qrupunun həmsədrliyi çərçivəsində bu ölkəyə verilən vasitəçilik mandatının sərhədləri ilə məhdudlaşdırsın və tarixə qovuşmaqda olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını təşviq edən məsuliyyətsiz bəyanatlardan və təhrikçi çağırışlardan çəkinsin.
Sonda onu da vurğulamağı lazım bilirik ki, görünür Fransa Senatı qəbul etdiyi qətnamənin Azərbaycan – Fransa əlaqələrinə mənfi təsir göstərəcəyini, habelə Cənubi Qafqazda sülhə və əmin-amanlığa növbəti zərbə vuracağını axıra qədər qiymətləndirməmişdir. Fransalı senatorlar unutmamalıdırlar ki, Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsi prosesinin qarşısını bu cür məkrli üsullarla almaq mümkün olmayacaqdır.