Home Manşet Elşad Mirbəşiroğlu: Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmət deməkdir

Elşad Mirbəşiroğlu: Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmət deməkdir

1142
0
SHARE

“Rusiya sülhməramlılarının növbəti kolonunun Azərbaycan ərazilərindən keçərək Xankəndinə yön alması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət nümunəsi kimi qiymətləndirilməlidir”.

Bu sözləri tan.az-a deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Ona görə də düşünürəm ki, sülhməramlıların məhz Azərbaycan ərazilərindən istifadə edərək Xankəndinə istiqamətləndirilməsi Rusiya prezidentinin həmin mövqeyi ilə uzlaşır”.

“Biz Azərbaycanın iradəsini xüsusi qeyd etməliyik. Dəfələrlə bildirmişik ki, hərbi qələbəmiz bundan sonrakı siyasi müstəvidə cərəyan edəcək proseslərin bizim maraqlarımız çərçivəsində olmasını təmin edir. Artıq bu hadisə də Azərbaycanın maraqlarına tam uyğun baş verməkdədir. Yəni Azərbaycan öz haqlı mövqelərini inamla müdafiə etməkdədir. Azərbaycanın nəzarəti altında sülhməramlıların maddi-texniki təchizatının məhz bizim ərazilərdən həyata keçirilməsi ölkəmizin iradəsinin qəbul olunmasıdır”, – deyə deputat vurğulayıb.

E.Mirbəşiroğlu nəzərə çatdırıb ki, Ermənistan ərazisindən Xankəndinə 250, Bakıdan Xankəndinə olan məsafə isə 329 kilometr təşkil edir: “Buna baxmayaraq, sülhməramlı kolonun məhz Azərbaycan ərazisindən keçərək Xankəndinə getməsi həm psixoloji, həm də olduqca təsirli məna kəsb edir. Bu, Rusiyanın həm ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətlə yanaşmasının ifadəsidir, həm də beynəlxalq aləm üçün bir siqnaldır. Azərbaycan əraziləri ilə bağlı hər hansı addım atılarsa, mütləq burada rəsmi Bakının icazəsi, nəzarəti olmalı və Azərbaycan əraziləri üzərindən həyata keçirilməlidir”.

Deputat əlavə edib ki, Azərbaycanla Ermənistan arasında indiki şəraitdə heç bir əlaqə və sərhəd-keçid məntəqələri mövcud deyil: “Ona görə də Ermənistan ərazisindən Azərbaycan ərazisinə istənilən daxiloma qeyri-qanunidir. Amma Azərbaycanın öz ərazilərindən sərhədləri çərçivəsində hər hansı regiona, o cümlədən Dağlıq Qarabağa daxilolma Azərbaycanın maraqlarının qorunması və ərazi bütövlüyünə hörmət deməkdir”.