Home Cəmiyyət Sədaqət Vəliyeva: COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi...

Sədaqət Vəliyeva: COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır

61
0
SHARE

“Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün çox mühüm addım hesab olunur”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son iki həftədə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 min nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 min nəfərə çatacaq: “Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir. Doğrudur, ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Amma vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var”.

“Bəs, vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnəcəyini hamı bilməlidir:  “Çox təəssüflər olsun ki, ölkəmizdə insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyələrə qulaq asmırlar. Sirr deyil ki, bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Bu səbəbdən də bundan sonra sərt məhdudlaşdırıcı tədbirlərin görülməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır”.