Home Manşet Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə...

Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib

272
0
SHARE

Strateji əhəmiyyət daşıyan Laçın da 28 ildən sonra artıq bizdədir. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri, ardınca isə 70-dən çox kəndin azad olunmasından sonra Ermənistan kapitulyasiyasını elan edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycan şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını qaytardı:

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli bəyanatına əsasən, Azərbaycanın heç bir itki vermədən mürəkkəb relyefə, yaradılmış müdafiə sistemlərinə malik rayonları işğaldan azad etməsi mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın müdafiəsi bizim tam qələbəmizi şərtləndirdi.

Noyabrın 10-da imzalanmış bəyanat icra edilir – atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb. BMT-nin nəzarəti altında məcburi köçkünlər, o cümlədən də azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar.

Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi də yaradılır. Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində bəyan etdiyi kimi, biz 44 gün ərzində bir dəfə də olsun geriyə çəkilmədik. Müharibə dövründə Ermənistanın 30 ilə qurduğu hərbi texnika məhv edildi. Döyüş meydanında qazandığımız tarixi qələbə bölgədə yeni reallıqlar yaratdı.

Güclü və böyük iqtisadi potensiala malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb, praktiki tədbirlərin həyata keçirilməsinə başlanıb. Bu bölgələr ən qabaqcıl standartlara uyğun şəkildə yenidən bərpa ediləcək. Yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövründə regionumuz məhz Azərbaycanın gücü və qətiyyəti sayəsində yenidən çiçəklənəcək”.