Home Manşet Dünya Azərbaycanı zəfər çalmış ölkə kimi tanıyır

Dünya Azərbaycanı zəfər çalmış ölkə kimi tanıyır

342
0
SHARE

“Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, – deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, eləcə də hər bir əsgər və zabitin 44 günlük Vətən müharibəsi dövründə ən ümdə arzusu 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu”.

Bu sözləri tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, mərd oğullarımız bu tarixi missiyanı şücaətlə yerinə yetirib:

 

“Mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib. Azad olunan Ağdam, Füzuli rayonlarında istehkamların vizual müşahidəsi bu sistemin yaradılmasına uzun illər və böyük məbləğdə vəsait sərf edildiyini aydın göstərir. Azərbaycan Ordusunun peşəkarlığı, düzgün strategiya və taktikanın tətbiq edilməsi hesabına Azərbaycan öz itkilərini tam minimallaşdıra bildi və ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın da nümunəsini ortaya qoydu.

Ermənistan hökuməti növbəti dəfə öz ictimaiyyətini aldadaraq müharibədə 2-3 min əsgər və zabitinin həlak olduğunu iddia etsə də, kadrların təhlili zamanı Ermənistanın itkilərinin ən azı 10 min nəfər civarında olduğu aydındır. Digər tərəfdən, Ermənistan hökuməti yalnız Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində xidmət edən Ermənistan vətəndaşı olan hərbçiləri nəzərə alır. Lakin Dağlıq Qarabağ erməniləri və xaricdən gələn çoxsaylı muzdlular məsələsinə toxunulmur, onlar hesablanmır. Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmaqla yanaşı, Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda və başqa ölkələrdə təhsil alıblar, xidmət ediblər və müasir hərbi texnologiyaları, yenilikləri öyrəniblər. 30 il ərzində Ermənistan hərbçiləri həmin ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular”.

Ş.Həsənova qeyd edib ki, bu gün dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır:

“Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Sentyabrın 27-i ikinci Qarabağ müharibəsi başlayandan bəri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransa neytral mövqe nümayiş etdirmək əvəzinə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozur, işğalçı Ermənistanın maraqlarından çıxış edir və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Bu isə onun həmsədr ölkə kimi, qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasından xəbər verir. Əslində, bu cür mövqe sərgiləməklə Fransa bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində yox, əksinə, münaqişənin yenidən alovlandırılmasında, birbaşa işğalçılığa və separatizmə dəstək verməkdə maraqlı olduğunu ortaya qoyur.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Fransanın, qərəzli mövqe nümayiş etdirən dairələrin mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduğu planları Prezident İlham Əliyev kökündən məhv etdi. Bu baxımdan da yaranmış yeni reallıqlar fonunda Fransa və digər dairələr də mövcud vəziyyətlə barışmalı, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə yönələn addımlar atmalıdır.

44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgər belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir ki, bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur”.

Politoloq əlavə edib ki, özünün imzası qədər dəyəri olan Prezident İlham Əliyev hər zaman hərbçilərlə bir yerdə olacağını dəfələrlə bildirib:

“Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub. Məhz Mehriban Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Düşünürəm ki, bu addımlar həm ölkə başçımızın, həm də Mehriban Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.

Vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan ulu öndər Heydər Əliyevin varisi İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın yetərli dərəcədə gücünün olmaması nəticəsində ölkəmiz işğala məruz qalıb. Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplanaraq torpaqlarımız azad edildi.

Baxmayaraq ki, hətta bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər, dövlətimizin başçısı düşünülmüş diplomatik addımları ilə bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa, bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirməyə müvəffəq oldu. Eyni zamanda, Azərbaycan informasiya müharibəsində də qələbə qazandı, Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat verməyə müvəffəq oldu. Belə ki, “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni formalaşdırdı və dünya ictimaiyyətinə çatdırdı”.

Ş.Həsənova vurğulayıb ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyev iqtisadi və hərbi sahələrə güclü təkan verərək Azərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi və beləliklə də iqtisadi müstəqilliyimizi təmin edərək ölkəmizi heç kimdən asılı olmayan ölkə edib:

“Elə bu gücün məntiqi izahıdır ki, 44 günlük müharibə ərzində də, ondan sonra da Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Bu gün müzəffər Ali Baş Komandan Xocalı qətliamını törətmiş cəllad Köçəryanın, Sarkisyanın kürəyini yerə vurdu, şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycanda güclü xalq-iqtidar birliyi və birliyin başında Ulu Öndərin möhkəm siyasi təməllərini əsas tutan Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti var”.